“Məşhur” falçının məhkəməsi: “Sizin hamınıza cadu ediblər, öləcəksiniz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səkinə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 
 

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səkinə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Zeynal Ağayev sədrlik edib. Prosesdə şahidlər ifadə verib.

Şahid Vəlican Rəcəbov ifadəsində Səkinə İsmayılovanı rəfiqəsi Şəlalənin vasitəsilə tanıdığını göstərib: “Səkinənin ekstrasens olduğunu eşitmişdim. Şəlalə ilə Səkinə məni aldadaraq nişanlımla barışdıracağını deyib 1500 manat pulumu aldılar. Uzun illərdir astma xəstəliyindən əziyyət çəkirəm. Səkinə məni müalicə edəcəyini deyirdi. Şam yandırırdı, guya müalicəni belə edirdi. Sonradan başa düşdüm ki, aldanmışam”.

Şahid ifadəsində Təyminə Abdullayevanın (hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur – red.) Səkinə İsmayılova tərəfindən aldadılaraq pulunun alınmasına da münasibət bildirib. O, tərəflərin suallarını cavablandırarkən S.İsmayılovanın T.Avdullayevadan 10 min dollar aldığını bildirib.

Şahid qsimində T.Abdullayevanın bacısı Rəna Abdullayeva da ifadə verib. O, ifadəsində bacısının Səkinəyə inandığını və hər şeyini ona verdiyini deyib: “Baxıcı bacıma deyib ki, sizin hamınıza cadu ediblər, öləcəksiniz. Təyminə də inanıb. Uşağı da götürüb gedib bacısının yanına. Təyminəni necə hipnoz etmişdisə, inanmışdı. Səkinənin evi başdan ayağa qara oboy idi, evində yarasa saxlayırdı. Bacımı yerdə kəfənə bükdü, üstünə də şəkillərini qoyub dedi ki, ölümü sizin bədəninizdən çıxardım”.

Şahid ifadəsində gördüyü işlərin müqabilində Səkinənin bacısından külli miqdarda pul istədiyini göstərib: “Əvvəl 20 min dollar istəmişdi. Sonra deyirdi ki, bu pul azdır. Bacım da buna inandı, hər şeyini verdi baxıcıya. Qızıllarını satdı, bankdan pul götürdü. Bizim nəsildə heç kimin polislə, məhkəmə ilə, falçılarla işi olmazdı. Bu iş necə başımıza gəldi, bilmirəm”.

Məhkəmə prosesi sentyabrın 22-də davam edəcək.

Məlumat üçün bildirək ki, Təyminə Abdullayevaya barəsində əri Barat Abdullayevin şikayəti əsasında cinayət işi açılıb. Barat Abdullayev şikayətində bildirib ki, arvadı birgə nikahdan olan yaşayış sahəsini satıb pulunu ələ keçirmək istəyib. Bu məqsədlə yeni şəxsiyyət vəsiqəsini saxtalaşdırıb. Yeni şəxsiyyət vəsiqəsində ailəli yox, subay olduğunu yazdırıb. Həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirək, ona 890 min manat məbləğində ziyan vurub. Barat Abdullayev şəxsi bizneslə məşğuldur. Onun Bakıda otelinin, ticarət obyektlərinin olduğu bildirilir. Barat Abdullayev həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib. Təyminə Abdullayeva ərinin dedikəri ilə razılaşmayaraq söyləyib ki, pullarını Səkinə İsmayılova adlı falçı ələ keçirib. S.İsmayılova ondan fala baxmaq adı ilə əvvəlcə 20 min, sonra isə 10 min manat alıb. Daha sonra onun evini banka girov qoyaraq pul götürüblər. T.Abdullayeva iddia edir ki, falçı Səkinə onun pullarını və əmlakını ələ keçirib. Təyminə Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilir.

Ötən məhkəmə prosesində dövlət ittihamçısı T.Abdullyevanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. T.Abdullayevanın cinayət işi üzrə istintaq aparlarkən Səkinə İsmayılova da həbs edilib.