Türkiyəli məşhur ət ustası Nusrətin restoranlarının birində faciə yaşanıb. Belə ki, turistlər üçün həyata keçirilən “alov şou” zamanı 3 turist ağır bədən xəsarəti alıb.
Musavat.com xəbər verir ki, Nusrətin İstanbulun Etilər ərazisindəki restoranında iki usta turistlər üçün hər zamankı kimi “alov şou” göstərməyə başlayıb. Lakin ehtiyatsızlıqdan şou faciəyə çevrilib.
Gecə 21:00-da başlayan şou zamanı ustalar alovu qədərindən artıq etdikləri üçün ətrafa qığılcım yayılıb. Şou göstərilən masa yanmağa başlayıb. Bu zaman şounu yaxından izləyən turist qadınlardan birinin geyiminə alov sıçrayıb və qadın da alov almağa başlayıb.
Türk mediasının verdiyi məlumata əsasən, xəsarət alan turist qadın çexiyalı olub , digər xəsarət alan turist İngiltərə vətandaşı olub və yenicə ailə quran turist istirahət üçün Türkiyəyə gəlibmiş, 3-cü xəsarət alan turist isə Mohamməd Salim adlı yəmənli iş adamı olub.
Xəstəxanadan verilən məlumata əsasən çexiyalı turist qadının aldığı xəsarət digərlərinə nisbətən ağır olsa da, hər üçünün vəziyyəti yaxşılığa doğru gedir.
Hadisə ilə bağlı polis yanğının çıxmasına səbəb olan iki ustanı da sorğuya çağırıb. Faktla bağlı araşdırma davam edir.
Onu da qeyd edək ki, hər üç turist həm restoranın sahibindən, həm də ustalardan şikayətçi olublar.