Məşhur amerikalı aktyor Erik Censenə dördüncü mərhələdə kolon xərçəngi (Yoğun bağırsaq) diaqnozu qoyulub. Xəstəliyin qaraciyərə metastaz verdiyi bildirilir.
Qaynarinfo xəbər verir ki, indi “The Walking Dead” və “House of Cards” filmlərinin ulduzu kimyaterapiya kursundan keçməli və bir neçə əməliyyata girməlidir. Lakin aktyorun müalicə üçün lazımi məbləğdə pulu yoxdur.
Bununla əlaqədar olaraq həyat yoldaşı “GoFundMe” platformasında onun müalicəsi üçün kampaniya başladıb. Müalicə üçün 300 min dollar lazımdır.
Ağır xəstəliyinə baxmayaraq, Erik işləməyə davam edir. İndi o, müalicəsinin pulunu ödəyə bilməsi üçün ssenarilər yazmaqla daha çox pul qazanmağa cəhd edir.
“Xərçəng qaraciyərə metastaz verib, lakin Erik gənc və dözümlüdür. Həkimlərin məqsədi şişlərin sayını azaltmaqdır. Erik iki əməliyyatla onlardan tamamilə qurtulacaq. O, inanılmaz dərəcədə cəsarətli və dözümlüdür. Erik döyüşçüdür.İnanırıq ki, o, daha uzun illər cəmiyyətə kömək edərək bunun öhdəsindən gələcək və yaratmağa davam edəcək”, deyə aktyorun həyat yoldaşı “GoFundMe”də yazıb.