“Mərkəzi Banka ofis lazımdırmı? Bəli, lazımdır. Bəs Mərkəzi Banka 770 milyon manatlıq ofis lazımdırmı? Bu, çox ciddi sualdır. Təəssüf ki, bu xərcin təsdiq edilməsi nə mənim, nə də sizin səlahiyyətinizdə deyil. Səlahiyyətli şəxslər bunu təsdiq edib, xərcləyirlər. Xərcləyə-xərcləyə də gedirlər. Mərkəzi Bank məhsul satmır, ixrac etmir. Qurum bu qazancı əhalidən alır. Hətta həmin pul Bankın qazancı da olsa, bu işlərin görülməsi sual işarəsi yaradır…”
Bu sözləri Pravda.az-a iqtisadçı-ekspert Xalid Kərimli Mərkəzi Bankın yeni binası üçün xərclərin 450 milyondan 770 milyona qalxması xəbərinə münasibət bildirərkən deyib. “Çox təəssüf edirəm. Azərbaycanın qeyri-neft sektorunun ciddi inkişaf problemi olduğu bir dövrdə, hələ sosial tərəfdən minimum əməkhaqqının 345 manatdan qaldırmaq barədə iki ildir, fikirləşirik ki, qaldıraq, ya qaldırmayaq, minimum pensiyanın 280 manat olduğu bir vaxtda belə təntənəli, dəbdəbəli, dövlət idarələrinin nəhəng daşınmaz əmlaka pul qoyması pisdir, bərbaddır. Qəti surətdə tənqid edirəm. Bu, ölkə resurslarının səmərəsiz xərclənməsidir”, – ekspert deyib.