Bakıda dələduzluqda təqsirli bilinən şirkət rəhbəri Aqil Qədirov və digərlərinin barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd: “Meqa-Siti Holdinq” MMC-nin təsisçisi Aqil Qədirov və daha əvvəl tanışı Elnur Məmmədov 1 milyon manatlıq dələduzluqda təqsirləndirilirlər. İttihama görə, həmin şəxslər inşa etdikləri yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıblar. Cinayət işində 33 zərərçəkmiş var. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqil Qədirov 8 il, Elnur Məmmədov isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bu hadisədən sonra şirkət rəhbərinin daha bir cinayət əməli üzə çıxıb.