Mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifa etmə və vəzifə saxtakarlığında təqsirləndirilən Tapdıq Namazovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra dövlət ittihamçısı cinayət işi ilə tanış olmadığını deyərək, məhkəmədən vaxt istəyib.
Proses aprelin 22-dək təxirə salınıb.
İttiham aktına əsasən, Bakı şəhəri ərazisində yerləşən “Omaks-3” MTK-nın rəhbər vəzifəsində çalışmış T.Namazov bir mənzili bir neçə vəzəndaşa satıb. Ümumilikdə isə 18 nəfərə 31 mənzil satılıb və onlara 568 min manatlıq zinan dəyib.
Vətəndaşların şikayətindən sonra T.Namazov İrana yollanıb, barəsində axtarış qərarı çıxarılıb. Daha sonra geri qayıdan zaman o, Azərbaycan Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
İstintaq dövründə T.Namazov, ümumiyyətlə ifadə verməkdən imtina edib və özünü təqsirli bilmədiyini söyləyib. O, satılan məzillərə görə heç kəsdən pul almadığını və həmin evlərə görə pulları Mahir Xudiyevlə Natiq Əliyev tərəfindən götürüldüyünü qeyd edib.