Bakı, Xırdalan və Sumqayıt şəhərlərinə təlabat artıb. Bölgələrdən bu üç şəhərə böyük köç var.
Bu sözləri Tribunainfo.az-a əmlak eksperti Elnur Fərzəliyev deyib. Onun sözlərinə görə, bu gün Bakı ətrafı, Xırdalan, Sumqayıtda mənzil, ev qiymətlərinin durmadan artması həm də bu köçlə əlaqədardır:
“Çoxu rayondakı torpağını, evini satıb bura köçür və əlindəki pulla da ev alır. Bu tendensiya halını alıb. Belə olduğu halda da mənzil bazarında qiymətlər enmir. Çünki daim tikinti gedir və boş qalan ev də yoxdur. Əksinə maraq və təlabat çoxdur. Bakı, Sumqayıt, Xırdalan əhalisi süni formada artır. Təlabat azalsa qiymət də enəcək. Ancaq hələ ki, biz belə bir situasiyanın şahidi olmuruq. Yaxın müddətdə də mənzil qiymətlərinin ucuzlaşması gözlənilmir”.
E.Fərzəliyev bildirib ki, işğaldan azad olunan bölgələrdə işlər tamamlandıqdan sonra əhalinin paytaxt və ətrafına maraq azala bilər:
“Hesab edirəm ki, işğaldan azad olunan bölgələrimiz turizm bölgəsinə çevrildikdən sonra rayon və bölgələrdəki insan axını paytaxta deyil, həmin ərazilərə yönələcək. Həmçinin paytaxtda məskunlaşmış Qarabağ bölgəsinin əhalisi öz yurdlarına qayıtdıqdan sonra Bakı, Sumqayıt, Xırdalan mənzil bazarındakı qiymətlər müəyyən faiz azalacaq”.