Düşünmək olar ki,2-ci sinif şagirdinin yazısında qeyri-adi nə ola bilər?!Ancaq möcüzəvi balaca məxluqların cızma-qaralarında bəzən elələrinə rast gəlmək olur ki,onları inamla janrın insisi saymaq olar.Məsələn bunun kimi :
İnşa- “Mənim babam kollupsionerdir”
Mənim iki babam var.Biri atamın atası,biri də özünüz əlbət bildiniz kimin atası.Birinci babam məktəbdəki bütün uşaqların babalarından varlıdır.Babam maşınların nazirliyində ,lap hündür bir yerdə işləyir.Sizə bir sirr açım:Mənim babam kollupsionerdir.Mən bunu atamın atasının zəhləsi getdiyi müxalifət qəzetlərindən oxumuşam.Onun adı və şəkli tez-tez pis saydığı həmin qəzetlərdə lap qabaqda çıxır.Mən başa düşə bilmirəm ki,əgər o həmin qəzetləri və internetdə baxdığı saytlardan xoşu gəlmirsə hər gün niyə onları diqqətlə oxuyur?!Yayda elə olur ki, biz ikimiz də gözümüzə qara günəş eynəyi taxıb , bağda şezlonqda uzanıb qəzet oxuyuruq.Düzdür etiraf edim ki,bəzən mən qəzeti çaşıb tərs tuturam.
Babam siqara çəkə-çəkə deyir ki,”həyat, dostum çox qəliz şeydir”.Ümumiyyətlə babamla söhbət etmək çox maraqlıdır.Mən hərdən yuxuda görürəm ki,onun kimi ağzıma siqara salıb, başımda yay papağı, uzanıb qəzet oxuyuram
Mən başa düşə bilmirəm,babam deyir ki,siqaret çəkmək ziyanlıdır,ancaq özü nədənsə çəkir.”Bəs baba,sən niyə çəkirsən?”soruşanda,deyir tərgizəcəyəm.Düzdür, mən bu sözü doğulandan eşidirəm…
1-ci babam mənə çox şeylər danışır və sonra deyir ki,”öz aramızda qalsın,ha…” Mənə elə gəlir babam elə yalnız mənimlə səmimi danışır.Sonradan babam mənə başa saldı ki,”düşmənlər məni mətbuat vasitəsilə sifarişlə “vurur” “deyəndə bunu boks mənasında yox,məcazi mənada deyir. Mən ilk zamanlar bunu başa düşmədiyimdən onu oyuncaq silahlarımla qorumağa hazır olduğumu bildirmişdim.Bilmirəm nə səbəbdən amma məktəbdəki müəllimlər və ələlxüsus məktəbimizin direktoru ,küpəgirən qarıya oxşayan Zema müəllimə imkan düşən kimi məktəbdə ancaq mənim saçlarımı tumarlayır.Hətta anam,ya atam məktəbə gələndə direktor və onun yanında gəzənlər məni daha intensiv tumarlamağa, iyrənc dodaqları ilə nümayişkaranə surətdə opməyə başlayırlar.
Bu zaman onlardan gələn ətirlərdən hər dəfə az qala boğulsam da bu zəhlətökən prosedura babama görə birtəhər dözürəm.Anam atama” atana görə öpürlər,yoxsa nədi” gülərək deməsini təsadüfən evdə eşitmişdim.Onu da deyim ki,mən məktəbə təzə gələn ilk günlər atası itfaiyəci işləyən sinif yoldaşım,dostum və adaşım İmanı belə əzizləyirdilər.Ancaq anam direktorla danışandan və ikinci “Aaa..”deyib təəcüblə əlinin içini açılmış ağzına tutandan sonra nə səbəbdənsə müəllimlər İmandan təmiz üz döndərdilər,hətta mən deyərdim ona nifrət etməyə başladılar.Ancaq heyf, corabları çırıq olsa da o çox yaxşı uşaqdır.
Mən nəsə istəyəndə o başqa babaların çoxu kimi ,” onu gələn dəfə pensiya alanda alaram.Yaxşı?”demir. Babamın pulu o qədər çoxdur , evə yerləşmir.Buna görə o pulları aparıb Sveçrə bankomatına qoyur.Babam cürəbəcür,ancaq qara diplomatları yığmağı xoşlayır.Mən müşahidə etmişəm bir qayda olaraq hər ayın axırı,eyni saatda evimizn dostu Arif dayı o diplomatlardan birini gəririb babama verir.Əgər onun içindəki puldursa mən bilmirəm babam onları neynəyir?!Onsuz da ev doludur pulla…Artıq yer tutur.Ondansa imanın anasına verərdik, o da corab alardı.Babamın ən çox xoşladığı mebel kreslodur.Özü də babam 20 ildir ki,həmin kresloda oturur , köhnəlsə də onu dəyişmək istəmir. Düzdür, babam tez-tez mənə deyir ki,dünyada onun üçün ən şirin şey mənəm,ancaq onun viyyamıza gələn kollupsioner dostları deyəndə ki,kreslo dünyada ən şirin şeydir,babam onlarla razılaşır.
Babam və onun qonaqları nənəmin özündən kəşf etdiyi “Büdcə”salatını yeməyi çox xoşlayır.Nənəm siyasətə qarışmır,ancaq deyir ki,salata gedən şeyləri Obamanın kəndi Havayı adalardan gətizdirir.Mən hər dəfə soruşanda ki,”baba kollupsioner nədi?”babam bu suala cavab verməkdən nədənsə çəkinir və hər dəfə “Necə başa salım sənə…Get ondan yaxşı nənəndən soruş,nənön daha yaxşı bilər …Gülərək “o o qədər pullarımı sağa-sola səpələyib ki…” deyib söhbətdən qaçır.1-ci babamın o biri babadan xoşu gəlmir.O anamın atası haqda danışanda çox vaxt onun ağzını əyərək “Mən hahal zəhmətimlə ,torpaqda əkib-becərib qazanıram,mənə sənin çirkli pulların lazm deyil”,bütün camaat içində məni biabır edir.Maraqlıdır ki,2-ci babam da deyir ki,1-ci babam nəsilə bir ləkədir.”Əgər bilsəydim onun axırı belə olacaq heç onlara qız verməzdim”-deyir.
Düzdür mənim babamın pulu azdır,o 50 qəpikləri 3 litrlik bankaya hələ yarıyacan yığıb,ancaq mən ona daha çox inanıram.Babamın həyətində Hummer olmasa da ,bağında delfin üzməsə də ,mən onu çox sevirəm.O mənə iti ilə oynamağa qoyur,məni özü ilə nabata aparır…Onunla çöldə mal-qaranın yanında 2-ci nənəmin bişirdiyi təndir çörəklə pendir yemək mənə daha ləzzət edir,nəinki 1-ci babamgildə tez-tez kabab yemək.Əlsində mən babalarimin ikisini də istəyirəm.1-ci babam kollupsioner olsa da mən onu çox istəyirəm,axı o mənim babamdır.Babalar nəvələri çox istədiyi kimi nəvələr də babaları çox istəyir…Nəvə barədə bir atalar sözü də var hətta , ancaq heyf ki,yadımdan çıxıb necədir.
Gələn inşamda əgər verilən mövzu uyğun olsa bir dəfə evdə tək qaldığım zaman babamın təsadüfən açıq qoyduğu seyfdəki diski oyun diski bilib noutbuka
,oradan da “YouTube” yə yükləməyimdən ,səhəri isə babamın nə səbəbdənsə infarkt keçirirtməsindən söhbət açacağam.Məni izləyin…
İmran Kərimli