“Məni Bakıda İrina qarşıladı” – Özbək qızların macəraları… – Şok təfərrüat

“Məni Bakıda İrina qarşıladı” – Özbək qızların macəraları… – Şok təfərrüat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistan vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqda təqsirli bilinən 1964-cü il təvəllüdlü Bakı şəhər sakini İrina Qəmbərovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, İrina Qəmbərova Özbəkistan vətəndaşı olan digər şəxslə əlbir olan bir qrup təşkil edib.

Dəstənin Özbəkistanda olan üzvü 2011-ci ilin yanvar ayının əvvəllərində Kokand şəhərində yaşayan Diananın (zərərçəkmişlərin adları şərti verilib – red.) maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edib, onu Bakı şəhərində yüksək maaşlı işlə təmin edəcək tanışının olduğuna inandırıb.

Daha sonra aldatma yolu ilə Diananı Bakı şəhərinə göndərib. Burada onu İrina qarşılayıb və “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında kirayə yaşadığı ünvana gətirib.

İrina həmin ünvanda Diananın müxtəlif şəxslərə pul qarşılığında cinsi əlaqədə olmasına şərait yaradıb. Diana martın 21-dək müxtəlif kişilərlə pul müqabilində görüşüb.

Bundan başqa, İrinanın dəstəsinin özbəkistanlı üzvü onun üçün həmin ilin yanvar ayının sonlarında daha bir qadın təşkil edib.

Belə ki, dəstənin özbəkistanlı üzvü öz ölkəsinin vətəndaşı Sabinanın maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edib, işə düzəltmək adı ilə onu Bakı şəhərinə göndərib.

Sabinanı Bakı şəhərində İrina qarşılayıb və iyunun 2-dək olan müddətə kirayədə yaşadığı mənzildə kişi müştərilərlə görüşdürüb.

İrina Qəmbərova 2014-cü ilin yanvarında özbəkistanlı tanışının vasitəsi ilə Bakı şəhərinə daha bir özbək qadının gətirə bilib.

Özbəkistan vətəndaşı Nəsibə qrupun digər üzvü tərəfindən işləmək məqsədlə Bakı şəhərinə göndərilib. Onu qarşılayan İrina onu yaşadığı mənzilə aparıb və bir ay müddətində kişi müştərilərlə pul qazanmaq məqsədilə görüşdürüb.

İstintaq sənədlərinə görə, İrina Qəmbərova 2014 və 215-ci ildə daha 3 Özbəkistan vətəndaşı olan qadını Azərbaycan paytaxtına gətirib və burada cinsi istismara məruz qoyub.

2015-ci ildə İrina Qəmbərovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə şikayət olunub. Şikayət baş idarədə araşdırılıb və təsdiqini tapandan sonra İrina Qəmbərova barəsində axtarış elan edilib. Bir müddət axtarılan İrina sonda ələ keçib.

İstintaq orqanı tərəfindən İrina Qəmbərovaya Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.2-ci (təkrar insan alveri törətmək), 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə), 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək), 144-3.4-cü (i nsan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə) və 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İrina Qəmbərova 10 il azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan İrina Qəmbərova apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.

Bakı Apelyasiya Məhkəməsi İrina Qəmbərovanın şikayətini təmin etməyib.

Bu qərardan narazı qalan İrina Qəmbərova kasasiya şikayəti verib. Onun şikayəti Ali Məhkəməyə göndərilib.

Hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan prosesdə İrina Qəmbərovanın kasasiya şikayətinin dəlilləri araşdırılıb.

Kasasiya şikayəti təmin edilməyib.