Məndən sonra bir şair doğulacaq – Yafəs Tursəsin şeirləribackend

Məndən sonra bir şair doğulacaq – Yafəs Tursəsin şeirləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün tanınmış şair Yafəs Türksəs uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Şairin dövrü mətbuatda dərc olunan şeirlərindən bir neçəsini təqdim edirik:
Gözəlliyinə güvən, qadın
Başını dik tut, vüqarla yeri
Gözəlliyinə güvənən qadın.
Vüqarla yeri bu Bazarbaycanın torqovı
Küçəsində.
Sən nə qədər gözəl və məsumsan
Bu mənəvi mavilər arasında.
Özünü sıxma, ətrafına diqqətlə bax,
Bax, bu mənəvi fahişələr şəhərinə.
Burda hamı öz arxasında gizlənib.
Gizlənib biri şöhrətinin, biri adının arxasında.
Biri paqonun, biri şerin arxasında
Biri nitqinin, biri adının arxasında
Kişiləri mənəvi fahişələr olan ölkədə
Qadınlar gözəlliyinə güvənər….
İstedadın, vicdanın, namusun, qeyrətin,
Şərəfin, bacarığın alınmadığı bir
ölkədə nəyə güvənəsən….
Nəyə güvənəsən vauçerin 5 dollar.
olduğu bir ölkədə…
Sıxılma, başını dik tut,
gözəlliyinə güvənən qadın.
Bütün müqəddəslikləri satan bu adamlar
arasında
Sən necədə gözəl görünürsən,
Özəlliyinə güvən qadın,
Gözəlliyini ucuz satma,
qeyşalar kimi danışmaq öyrən,
Manikenlər kimi yerimək öyrən,
Yoxsa, bu əclaflar səni bir qarın çörəyə
öz ofisində övrətə çevirəcəklər.
Gözəlliyini baha sat, vüqarla yeri, özünü sıxma,
Gözəlliyinə güvənən qadın.
Sən nə qədər gözəl görünürsən, bu
Mənəvi mavilər arasında…..
Bir günüm
Bir günüm də yalanla başladı…
Səhər-səhər yediyim sosiskadan,
İçdiyim çaydan yalan buğlanırdı.
Televiziya ekranından şortu bir müğənni
Məhəbbət dərsi keçirdi adamlara.
Sarsaq bir bəstəkarın «nanay» bir şairin
Sözlərinə yazdığı mahnı deşirdi qulağımı
Tale aparcının ütülü gülüşləri iyrəendirdi məni o
ki var.
Siyasi şərhçinin verdiyi xəbərdən
Qeyrətsizlik qoxusu gəlirdi.
Yalan bir dünya yeridiyi üstümə səhər-səhər.
Arvadının dayaz sual-cavabından bezib evi tərk
Eləyib
Şəhərə çıxdım.
Yalançı reklamlar köhnə şalvara köhnə yamaq
kimidir….
qəzetlərdə manşetlər qeybət qoxuyurdu.
Kasset satan mağazaların mənasız
Səs-küyündən qaçıb tini buruluram.
Üstümə yeriyir vecsiz, küt, müti, sırtıq,
Qeyrətsiz adamlar kütləsi…
Mağaza vitrinlərində saxta ərzaqlar
Gözümə dürtülür.
corabın da xaricdər gətirdiyi
bu ölkədə doğulduğuma xəcalət çəkirəm.
Saxta mineral suları QHT-lərin,
«2 Məmmədlik» konyakları siyasi partiyaların
bayraqların yapışdırmaq istəyirəm.
Şəhərin mərkəzindəki xarabalıqlar
Xarabalığımızın simvoluna dönüb
Asılıb gözlərim önündən.
Mersedesin qara şüşəli arxasından «xoşbəxt»
Adamlar keçir.
Gecə barlarından şərqə ölüm hökmü oxuyan
Musiqi sədaları gəlir.
Evə dönürəm. ANS-in yalançı hay-küyü
Evi başına götürüb. Yalanla başlayan gününə
yalanla nöqtə qoyur
Orxan Fikrətoğlu.
Bir şair doğulacaq
Məndən sonra bir şair doğulacaq.
Tüpürəcək üzünə sözü səhnədən salanların.
Düşməni olacaq mədhlərin, yalanların.
Başa düşməyəcək ac şairi, yaltaq şairi.
Yeri gələndə sillə vuracaq şer yerinə.
Əlehinə çıxacaq zalımların, mütiliklərin
Firəng kimi şerlər yazacaq məndən onra
Doğulan şair.
Soüunduracaq Bəxtiyar Vahabzadə şerlərinin
Yalançı milli paltarını,
Qabilin şerlərini götürüb atacaq səhv düşdüyü
Yerdən.
Çilik-çilik edəsək Fikrət Qocanın saxta civiltisini.
Amansız olacaq məndən sonra doğulan şair.
Qovacaq şer meydanından Səməd Qaraçöpün
Ölənti şerlərini
Dodaq büzəcək Paşa Qəlbinurun qafil şerlərinə.
Əjdər Ol-un olmağından olmamağı yaxşıdır.
Fikrinə gələcək.
Oxuyub qəh-qəhə çəkəcək Vaqif Bayatlının
Yuxulu,
Ramiz Rövşənin «lunatik» şerlərinə.
Silib atacaq şerdən, ürəkdən keçməyən bütün
Sözləri,
Qara pul kimi yerə çırpacaq Nüsrət
Kəsəmənlinin saxta sevgi şerlərini,
Bir təpik vuracaq Çingiz Əlioğlunun müqəvva
Şerlərinə
Fitə basacaq hamını
Məndən sonra doğulan şair!
Hollivuda məktub
 
Salam əziz Hollivud rejissorları
Sizi Azərbaycana dəvət edirəm.
Gəlin, burada dünyanın ən maraqlı, ən gülməli
Həyat filminə baxıb yaxşı kinofilmlər çəkin.
Ən xarakterik hadisə və məqamları isə sizə
göstərəcəyəm.
Sizə göstərəcəyəm on il susan senatorları
Şahmatçı, yazıçı, aşıq senatorları
Sizə başa salacağam
Spikerin alma deyəndə lehinə, armud deyəndə
Əleyhinə düymə basdıqlarının səbəbini
Gəlsəniz görəcəksiniz necə rüşvət alır,
dayə körpədən,
komandir əsgərdən,
müəllim şagirddən.
Polis dilənçidən, həkim əlildən,
Professor tələbədən.
Ən maraqlı işlərin şahidi olacaqsınız,
Rejissorlar film çəkməyə on il növbə gözləyir.
Yazıçılar çap etdikləri kitabları evə aparır
Aktyorlar işçiz ola-ola necə yaşayır
Dayələr 10 dollara, müəllimlər 20 dollara
işləyib necə fəhlə yaşayır.
Qəribə şairlər görəcəksiniz. Görəcəksiniz ki,
Vaqif Bayatlı qayğılarla danışır bütün günü.
Ramiz Rövşən 15 il susa-susa
necə Kitablar Kitabı çıxardır.
Səməd Qaraçöp uşaqları məktəb yaşında ölməyə çağırır.
Abbas Abdulla saqqal qoyub, osmanlıca danışır.
Çingiz Abdullayev yazarlar birliyinin
Kompüterlərini necə öz kabinetində gizləyir.
Rüsmət Behrudi bədənində əziyyət çəkən
Ruhunu tikinti materialları satılan mağazanın
Ofisində gizləyir.
Musa Urud parlamentdə şairliyini necə gizlədir.
Zəlimxan Yaqub əldəqayırma elektrik qatarına şeirlər qoşur.
Gəlsəniz görərsiniz bir ölkədə nə qədər lal, kar,
Kor şair var.
Zavodlar maketə, adamlar robota oxşayır,
Sözü saxta sikkə kimi bir-birinə ötürür adamlar.
Rüşvət salam vermək kimidir
Yaltaqlıq ədəb kimi
Sürücülərə yalançı vəsiqələr verilir,
Avtobusa qabaqdan minib, arxadan düşürlər.
Evlərdə qızdırıcıları söküb atırlar
Bütün pasportlar rüşvətlə verilir.
Bütün məmurlar rüşvət alıb – verməyi bacaranlardı.
Ən maraqlı hadisələr sözlə deyiləsi deyil,
Gələndə bircə-bircə göstərəcəyəm.
Yolunuzu gözləyirəm.
DİKSİNİRƏM
Darıxıram vağzallarda
Tıncıxıram havasız qalmış kimi
Qatarlar keçir ürəyimin üstiündən
Uzaq yollar üstümə ulayır
Lal bir mələrtiylə
Erkən ağramış saçlara
Baxa bilmirəm
Yurdda ölmək həsrəti boylanır
Bir-birinə qarışmış üzlərdən
Diksinirəm
Zirzəmi
Yataqxana çadır deyəndə
Q hərfindən səskənirəm
Kanalı dəyişirəm
Ekranda kənd görəndə
İlan kimi çalır məni
Soyuq diplomat gözləri
Gözümə dürtülür
Yuxuma dürtülür
Ölkə düşmənim
Sətir düşmənim
Məmur düşmənim…
Hər gün uduzuram
Meydansız
Döyüşsüz…
SON XƏBƏRLƏR
Duydunuzmu, rəsmi masaların üzərində
Sapından qaçan bayraqları?
Məmur papağında gerbin
Tənhalığını necə?
Sevgisiz dodaqlarda üşüyən
Himnimizi bürümək istərdinizmi?
Gördünüzmü əsgər nəğmələrinə
Düşən bitləri?
Eşitdinizmi necə guruldayır hərbi marşlar
Yetim qarnı kimi?
«Koroğlu» üverturasının
sürüşən notunu görən olmadı amma
məndən savayı.
Həndəsə müəllimim Mütəllimə açıq məktub
Sən yaxşı adam idin
Mütəllim müəllim
Ancaq tövsiyələrin həyatda
Yaramadı mənə
Zəhmət həmişə bəhər vemirmiş.
Dostluq hardasa kəsişən
Paralellər kimidir
Maddiymiş bütün sevgilərin mayası
Sədaqət avamlıqla eyniləşir bəzən
Düzlük bu ölkədə divanəlik kimidir
Vətən dediyin
Kəsik müstəvi kimidir indi mənim üçün
Bu dünyada çox şey
Sən deyən kimi deyilmiş
Bütün bitmiş fikirlər zamanla məhdudlaşır
Heç üçbucağın bucaqlarının cəmi də
180 dərəcə deyilmiş.
Kütlənin də sabit olmadığı bu dünyada
Nəyə söykənmək olarmış, müəllim
Xoşbəxtlik ideyaların
Və bayraqların altında olmur
Uydurduğunuz nağıllar dağıldı tamam
Deyərdin düz həmişə əyrini kəsər
Əyri düz xətti
Hər əyiləndə kəsə bilirmiş
Həndəsənin heç olmasa düz çıxan
bir düsturu yox
Yazıqlar olsun sənə
Mütəllim müəllim!
OĞLUM ŞƏHRİYAR HAQQINDA
Oğlum Şəhriyar necə də
Mənə oxşayır
Bəlkə də
Hər dəfə dünyaya
Təzədən gəlmək istəyimdən yaranıb o
Geriyə buraxdığım səhvlərin çoxluğundan
Doğmuşdu bu istəyim.
İlk sevdiyim qızı qaçırmaq istəmədim
Əvəzinə bəxtimi əlimdən qaçırdım.
Yaman hikkəliydim o zamanlar
Ən balaca səhvin üstündə belə
Tez-tez döyərdim balaca qardaşımı
Hikkəmi yelə verdi zaman
Əzə-əzə muma döndərdi məni.
İndi balaca qardaşı Bəxtiyarı döyməyi
Qadağan etmişəm oğlum Şəhriyaya.
Anamın son tikəsini də alardım əlindən.
Sanardım ki yeməyi var gizlində.
Bənna atamın divara uyğun axtardığı daşı
Ən tez mən tapardım
Həyatda yerimi tapmadım amma
On yaşlı bacımla anamın
Xalça toxumaqdan çıxardığı çörək
Acı dadırdı boğazımda
Kasıbçılıqdan xilasımıza
Yeganə ümidimiz olan
Son kurs tələbəsi qardaşımın
Qəfil ölümündən sonra uçdu
Bu dünyanın bənnasına bəslədiyim
İnam divarı.
Sevdiyim qızların heç birini
Ala bilmədim
Əlim çörəyə çatanacan uçub getdilər
Dünyanın ən aşılmaz səddiymiş
Kasıblıq.
Oğlumla eyni ölçülü paltar geyəndən
Əynim sevinməyib
Aldığım təzə paltarları
Birinci ona uzadıram.
Anası
onun cibindəki sevgi məktubunu cıranda
İçimdə nəsə qırıldı
O qədər yalanımı tutub ki oğlum
Düzlüyü öyrədə bilmədim ona.
Amma yaxşı ki,
Yaxşı ki öyrədə bilmədim.
BRAZİLİYA FUTBOLÇUSU ROBERTO KARLOSA
Taleyimiz əkizdir, Roberto
Mən də sənin kimi
Qovuram azadlığımı top kimi
Həyat meydançasında
Mən də sənin kimi yoldaşlarımın yerinə
Oynamaq zorundayam.
Hücumçu hücum edə bilməyəndə
Müdafiəçi qoruna bilməyəndə
Dözməyib çatdırırsan özünü
Ah, Roberto, Roberto
Yoldaşı özün seçmirsən
Addımı özün ölçmürsən
Futbol da bu həyat kimi
Haqsız bir oyundur, Roberto.
Azadlığın özgələr əlində
Uduzanda gözlərindən oxuyuram
Çətindir yoldaşı özün seçməmək
Çətindir addımı özün ölçməmək.
Özündən zərifə uduzmaq çətin
Çətindir, Roberto, çətin!
BakuPost