Məmurlarla əlbir olan iş adamı həbsdən azad edildi

Məmurlarla əlbir olan iş adamı həbsdən azad edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət qurumlarının keçirdiyi tenderlərdə dəfələrlə qalib gələn 35 şirkətin rəhbəri Fəqani Rəhimovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

“Qafqazinfo”nun məlumatına görə, Rəhimov külli miqdarda mənimsəmədə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırmaqda ittiham olunur. Əvvəlki yazımızda onun bir sıra vəzifəli şəxslərlə əlbir olması barədə məlumat vermişdik.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda iş adamı səhhəti ilə bağlı sərbəst ifadə verməkdə çətinlik çəkib. Onun vəkili müvəkkilinin xəstəliyi ilə əlaqədar həbsdən buraxılmasını xahiş edib.

Rasim Sadıxovun sədrlik etdiyi məhkəmə tərkibi müttəhimin xəstəliyi ilə bağlı Bakı İstintaq Təcridxanasından daxil olan sənədi, həmçinin 62 min 400 manat maddi ziyanın tam ödənilməsini nəzərə alaraq vəsatəti təmin edib.

Qərara əsasən, F. Rəhimov barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Qeyd edək ki, Fəqani Rəhimovun şirkətləri dövlət qurumlarının keçirdiyi tenderlərdə dəfələrlə qalib gəlib. İbtidai istintaqın sonunda onun barəsində həbs qətimkan tədbiri seçilib. Ümumilikdə isə F. Rəhimovun şirkətlərinə dövlət müəssisələri tərəfindən 600 min manata yaxın pul köçürülüb. Həmin vəsaitin 62 min 400 manatı həqiqi mənbəyinin gizlədilməsi məqsədilə leqallaşdırılıb.