Hamburqda keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov NATO baş katibinin müavini Roza Qotemüllerlə görüşüb.
Hamburqda keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov NATO baş katibinin müavini Roza Qotemüllerlə görüşüb.
Nazirlikdən TİA.AZ-a verilən məlumata görə, görüşdə Azərbaycan-NATO tərəfdaşlığı və ikitərəfli əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
R. Qotemüller Azərbaycanın NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək Missiyasına verdiyi dəstəyə görə təşəkkürünü bildirib və Azərbaycanın Əfqanıstanda təhlükəsizliyin təmin edilməsi işinə töhfəsini yüksək qiymətləndirib.
E. Məmmədyarov isə Azərbaycanın Əfqanıstanda hərbi təsisatların quruculuğuna dəstək məqsədilə Əfqanıstan Milli Ordusunun Etimad Fonduna əhəmiyyətli miqdarda ianə etdiyi və maliyyə dəstəyini davam etdirəcəyinə dair məlumat verib.
Nazir Azərbaycanın NATO ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verən E. Məmmədyarov NATO-nun zirvə toplantılarında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınan sərhədlərinə hörmətin ifadə edilməsinin və münaqişənin bu prinsiplər əsasında həllinin dəstəklənməsinin təqdir edildiyini bildirib.
Nazir həmçinin Azərbaycanın Asiyanın Ürəyi – İstanbul Prosesinin 2017-ci il üzrə həmsədrliyini öz üzərinə götürdüyü və bu işdə bütün maraqlı tərəflər, xüsusən NATO ilə beynəlxalq ictimaiyyətin Əfqanıstana hərtərəfli və ardıcıl dəstəyinin asanlaşdırılması məqsədilə sıx koordinasiya və məsləhətləşmə şəraitində çalışacağını deyib.
Görüşdə Azərbaycanın NATO ilə əməkdaşlıq çərçivəsində Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planının icrası məsələləri də müzakirə olunub.