Artıq on beş ildən çoxdur ki, ölkənin memarlıq həyatı bir «adamın» (Memarlar İttifaqının sədri Elbay Qasımzadənin) monopoliyasındadır. O, vəzifəsindən yalnız özünü, qohumlarını və yaxın çevrəsini irəli çəkmək üçün istifadə edir. Dövlət mükafatları, ordenlər, medallar, adlar, pensiyalar — hamısı dar çevrədə bölüşdürülür.
Tribunainfo.az xəbər verir ki, bu sözləri memar Elçin Əliyev bildirib. O qeyd edib ki, bu şəxs səbəbindən peşəkar memarlar və onların işləri kənarda qalıb:
“Hər il Azərbaycanda memarlıq sahəsində Dövlət Mükafatı təqdim olunur. Rəsmi olaraq — ən yaxşı reallaşdırılmış layihələrin müəlliflərini həvəsləndirmək məqsədilə. Namizədləri Azərbaycan Memarlar İttifaqı irəli sürür.
Və nəticədə praktikada gördüyümüz budur: ötən il «ölkənin ən yaxşı tikilisi» kimi… Niyazinin abidəsini seçdilər. Dəqiq desək, abidənin özünü yox, onun memarlıq hissəsini — kobud qara postamenti. Bu postamentin müəllifliyini isə heç kim yox, elə Memarlar İttifaqının sədri Elbay Qasımzadə öz adına çıxardı.
Bundan əvvəlki il isə mükafat ümumiyyətlə binaya deyil, 2021-ci ildə nəşr olunmuş «Gəncə şəhərinin memarlıq salnaməsi» adlı kitaba verildi. Kitabın müəllifi isə həmin sədrin sinif yoldaşı idi.
Haqlı sual yaranır: 2025-ci ildə «hörmətli» İttifaq nə təklif edəcək? Son illər azərbaycanlı memarlar tərəfindən inşa olunmuş yüzlərlə müasir binadan birini? Yoxsa yenə — postamentlə kitabı?
Məsələn, niyə Prezidentin iştirakı ilə açılan və Nəriman İmaməliyev tərəfindən layihələndirilmiş yeni Gömrük Xidməti binası yox (foto 4)? Yaxud onun İsmayıl bəy Qutqaşınlı küçəsindəki «DOST» mərkəzi (foto 5)? Niyə Rəhim Seyfullayevin, Nazim Vəliyevin, Sənan Salamzadənin, İlqar Bəylərovun, Nazim Fərəczadənin, Fərrux Muslümovun layihələri yox?
Cavab aydındır: onlar irəli sürülməyəcək.
Niyə? Çünki qədim Azərbaycan atalar sözündə deyildiyi kimi: «Qarnı toxdur, amma gözü doymur». Qara paxıllıq və şəxsi maraq peşə meyarlarını tamamilə əvəz edib.
Artıq on beş ildən çoxdur ki, ölkənin memarlıq həyatı bir «adamın» monopoliyasındadır. O, vəzifəsindən yalnız özünü, qohumlarını və yaxın çevrəsini irəli çəkmək üçün istifadə edir. Dövlət mükafatları, ordenlər, medallar, adlar, pensiyalar — hamısı dar çevrədə bölüşdürülür”.
E. Əliyev bildirib ki, əsl memarlar — ömrünü bu peşəyə həsr etmiş sənətkarlar — unudulub və kənarda qalıb:
“Onların dünya səviyyəli layihələri görməzlikdən gəlinir. Amma «memarlıq dələduzları», bir xətti belə çəkə bilməyənlər firavan yaşayır, milyonluq sifarişlər alır, xaricə gedir, məclislər qurur, məşuqələrini saxlayıb irəli çəkirlər — onlardan biri artıq müavin olub.
Bütün bunlar isə on milyardlarla manatlıq tikinti fonunda baş verir. Haqlı sual doğur: əgər kitab və postament son illərin ən yaxşı tikililəri elan olunursa, bu biabırçılığa görə kim cavab verir? Əgər ölkədə mükafata layiq layihələr yoxdursa, dövlətin tikintiyə ayırdığı nəhəng vəsaitlər hara gedib?
Prezidentin humanitar siyasət üzrə köməkçisinin, Mədəniyyət Nazirliyinin, Memarlıq və Şəhərsalma Komitəsinin, Elmlər Akademiyasının və digər qurumların susqunluğu vəziyyəti yalnız ağırlaşdırır. Çünki söhbət şəxsi simpatiyalardan yox, milli memarlıqdan — ölkənin simasından gedir.
Bu gün minlərlə memar görür ki, mükafat və fəxri adlar istedada və zəhmətə görə yox, bir «adama» yaxınlığa görə verilir. Bu sadəcə ədalətsizlik deyil. Bu, həm peşəni, həm də dövləti alçaldan rüsvayçılıqdır. Və bu vəziyyət dəyişməyincə, milli mədəniyyətin və memarlığın inkişafından danışmaq mənasızdır”.
Qarçı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul