“Bakı Metropoliteni”ndə yeni təyinatlar müzakirə mövzusu olub. Memar Elçin Əliyev sosial şəbəkədə paylaşdığı qeydlə Bakı metrosundakı idarəçilik sistemi ilə bağlı narazılığını bildirib.
Tribunainfo.az xəbər verir ki, memar paytaxtın metro vaqonunda gördüyü elan fonunda Kopenhagen metropolitenindəki təcrübəni müqayisə edərək bildirib ki, orada bu qədər rəhbər şəxs yoxdur, ancaq metro sutkada 24 saat fasiləsiz çalışır, təmiz və səliqəlidir:
“İlin əvvəlində qızımla birlikdə Kopenhagendə idim. Orada 44 stansiyadan ibarət, tam avtomatlaşdırılmış, sutkada 24 saat işləyən, təmiz və səliqəli metropolitendən istifadə etdik. Heç bir texniki işçini görmədik – nə maşinist, nə stansiya nəzarətçisi, nə polis, nə də təmizlikçi. Heç bir reklam da yox idi – nə qatarların içində, nə də stansiyalarda. Sadəcə işini bilən, maaşla çalışan gənc menecerlər vardı və onlardan nəticə tələb olunurdu.
Bəs necə olur ki, onlar nəzarət şurasız, “holdinq”siz, “rәis”siz və “nazir”siz işləyə bilirlər, amma bizdə hər addımda idarəçilər, müşahidə şuraları və saysız-hesabsız vəzifələr yaradılır?”.
Memar bildirib ki, Bakı metrosuna qayıtdıqda isə insanı tam fərqli mənzərə qarşılayır:
“Sanki “7 qohumdan ibarət” idarə heyəti və şəxsi maşınlar, məcburi reklam lövhələri,
megafonla qışqıran nəzarətçi, yuxulu eskalator nəzarətçisi, əlində emallı vedrə və əski olan təmizlikçi, sıxlıq və uzun növbələr, ciddi görkəmli, amma işlə məşğul olmayan “rəhbər” və ən əsası – pullu reklamlarla elan olunan “Nəzarət Şurasında dəyişikliklər”.
Elçin Əliyev sonda sual edib:
“Dostlar, sizcə biz artıq utanmaq hissimizi itirməmişik?”.
Gülşən Rəsul