İtaliyanın baş naziri Giorgia Meloni son illərdə Avropa və dünya siyasətində diqqətçəkən fiqurlardan birinə çevrilib. Meloni ölkəsində “İtaliya Qardaşları” adlı sağçı-millətçi partiyanın lideridir. Onun rəhbərlik etdiyi partiya 2022-ci ildə keçirilən seçkilərdə qalib gələrək koalisiya hökuməti qurub və Giorgia Meloni İtaliyanın ilk qadın baş naziri seçilib.
O, ənənəvi ailə dəyərlərini, milli suverenliyi və immiqrasiyaya qarşı sərt mövqeyi müdafiə edir. Meloni İtaliyanın Avropa İttifaqındakı nüfuzunu qorumağa çalışır, maliyyə dəstəkləri və fondlardan istifadə məsələsində praqmatik davranır.
G.Meloni qadın lider kimi tarixə düşsə də, feminizm mövzusunda mühafizəkar mövqedədir.
O, özünü “xristian, qadın, italyan, ana” kimi təqdim edir. Xanım Meloni Avropa İttifaqı ilə münasibətlərin daha bərabərhüquqlu olmasını, ailə dəyərlərinin qorunmasını, qeyri-qanuni miqrasiyanın qarşısının alınmasını və İtaliyanın milli maraqlarının müdafiəsini ön planda saxlayır.
Lakin onun partiyasının kökləri faşist lider Benito Mussolininin ideologiyasına yaxın təşkilatlara dayanır ki, bu da xanım baş nazirin beynəlxalq aləmdə bəzən mübahisəli fiqur kimi qəbul edilməsinə səbəb olur.
Siyasi karyerası ilə yanaşı, Meloni şəxsi həyatı ilə də insanlara maraqlıdır.
Modern.az saytı “Liderlərin valideynləri” rubrikasında bu dəfə Giorgia Meloninin ata-anasından bəhs edir.
Giorgia Meloni 15 yanvar 1977-ci ildə Romada doğulub. Ailəsindəki çətinliklər və atasının onları tərk etməsi Girogianın həyatına dərin təsir göstərib. Erkən gənclik illərində siyasətlə maraqlanmağa başlayıb və 1990-cı illərdə İtaliyanın sağçı gənclər təşkilatlarında fəal rol oynayıb. 2006-cı ildə cəmi 29 yaşında olarkən parlamentə seçilib və İtaliya tarixində ən gənc deputatlardan biri kimi tanınıb.
Meloni “İtaliya Qardaşları” partiyasını 2012-ci ildə qurub. Bu partiya əvvəllər az tanınırdı, lakin Meloninin xarizmatik liderliyi və sərt anti-immiqrasiya, milli dəyərləri vurğulayan ritorikası ilə partiya qısa zamanda populyarlıq qazandı.
Giorgia Meloni çox enerjili, natiqlik qabiliyyəti güclü və tez-tez emosional çıxışları ilə tanınır. Onun ən məşhur şüarlarından biri “Tanrı, Vətən, Ailə”dir.
Giorgia Meloninin şəxsi həyatı onun siyasi karyerası qədər olmasa da, ictimaiyyətin diqqətini çəkən maraqlı detallarla zəngindir.
O, bir qız övladının anasıdır və ailəsini daim ön planda tutduğunu vurğulayır.
Giorgia Meloni rəsmi olaraq evli deyil, lakin o, uzun illər jurnalist Andrea Giambruno ilə münasibətdə olub. Onların bir qız övladı – Ginevra (2016-cı il təvəllüdlü) var. Andrea Giambruno “Mediaset” telekanalında aparıcı və jurnalist kimi çalışıb. Vaxtilə Meloni ilə siyasi baxışlarda bəzi fərqlilikləri olsa da, onların münasibətləri uzun müddət davam edib.
G.Meloni 2023-cü ilin oktyabr ayında Andrea Giambruno ilə münasibətinin bitdiyini sosial mediada açıqlamışdı. O bunu şəxsi həyatının “ən çətin qərarlarından biri” olduğunu yazmışdı. Onların ayrılmasına səbəb Andrea Giambrunonun digər qadınlar haqqındakı seksist şərhləri olmuşdu.
Giorgia Meloni özünü ciddi siyasi fiqur kimi tanıtsa da, əslində pop mədəniyyətə də maraq göstərir. O, fantastik ədəbiyyatı sevir və xüsusilə “Üzüklərin hökmdarı” trilogiyasına heyrandır. Baş nazirin öz çıxışlarında tez-tez bu seriyadan simvolik frazalara yer verməsi buna sübutdur.
İtalyanca ilə yanaşı, Giorgia Meloni ingilis dilini də yaxşı səviyyədə bilir. Bundan başqa, fransız və ispan dillərində də danışır. Beynəlxalq tədbirlərdə və xarici liderlərlə görüşlərdə dil baryeri olmadan sərbəst ünsiyyət qura bilir. Bu onun Avropa səviyyəsində daha çevik diplomatik fəaliyyət aparmasına kömək edir.
Xanım baş nazirin stil və geyimində sadəlik və əlçatanlıq önə çıxır.
G.Meloni italyan mətbəxinə çox bağlıdır. O, İtaliyanın qida ənənələrinin qorunmasını milli kimliyin bir hissəsi hesab edir. 2023-cü ildə UNESCO-nun “italyan mətbəxi”ni irs siyahısına daxil etməsi üçün kampaniya aparanlar arasında idi.
Atası Francesco Meloni ailəni Giorgia hələ 1 yaşında ikən tərk edib və Kanar adalarına köçüb. Atasının onları buraxaraq, başqa bir ölkədə yeni həyata başlaması Giorgia Meloninin xarakteri və dünyagörüşündə dərin iz buraxıb. Anası onu və böyük bacısı Araiannanı (1975-ci il təvəllüdlü) təkbaşına böyüdüb. Giorgia bu çətinliklərə baxmayaraq, güclü, müstəqil bir şəxsiyyət kimi formalaşıb.
1980-ci ildə 3 yaşlı Giorgia və bacısı təsadüfən evlərini yandırıblar, hadisədən sonra onları anaları ilə birlikdə yaşamaq üçün Romanın yüksək səviyyəli bölgəsindən fəhlə sinfi Garbatella məhəlləsinə köçməyə məcbur ediblər.