“Rusiya Azərbaycanla sülh müqaviləsi imzalamağa imkan verməyəcək ki, Moskva Cənubi Qafqazda mövqeyini qoruyub saxlasın”.
Tribunainfo.az News.am-a istinadən xəbər verir ki, bunu Ermənistan “Mülki müqavilə” partiyasından olan deputat Qaqik Melkonyan deyib.
Onun sözlərinə görə, “Rusiya Cənubi Qafqazı tərk etmək istəmir. Zəngəzur dəhlizinin həsrətini çəkir. Mariya Zaxarova bildirir ki, noyabrın 9-dakı razılaşmaya əsasən ruslar Zəngəzur yoluna nəzarət etməlidir. Yəni 9 noyabr razılaşmasının bir bəndini də yerinə yetirmədilər, Qarabağı ermənilərdən tam azad etdilər, indi 9-cu bənd qalıb, gəlib bu ərazidə dayanmaq istəyirlər. Niyə yollarımızı təhlükəsiz saxlaya bilmirik? Bütün bunlar rusların razılığı ilə idi”.
Rusiya yenidən diktə rolunda olmaq istəyir və biz qul statusu qazanmışıq”, – deyə Melkonyan bildirib.
“Ermənistan artıq başa düşüb ki, alternativ axtarmaq lazımdır və o, artıq tapılıb. Artıq bir çox ölkələrlə, hətta silahlarla bağlı müqavilələrimiz var. Onların xoşuna gəlmir. Onlar daim Qərbi tənqid edirlər”, – deyə deputat yekunlaşdırıb.