Məleykə Abbaszadədə qəbul imtahanlarındakı yeniliklərdən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2017-2018-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında heç bir dəyişiklik olmayacaq.
 2017-2018-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında heç bir dəyişiklik olmayacaq.

Bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Qurum rəhbəri bildirib ki, imtahanlarda dəyişikliklərin edilməsi 2019-cu ildə nəzərdə tutulub: “Bu təbiidir. 2017-ci ildə də bu məsələ ilə bağlı ilk addım atılıb. Bilirsiniz ki, 2009-cu ildən təhsil müəssisələrində tədris kurikulum əsasında qurulub. Bu il buraxılış imtahanları 9-cu sinifdə iki mərhələdə aparılıb. Buraxılış imtahanlarında tamamilə yeni növ qiymətləndirilmə, ölçmə materialları istifadə olunub. Bu tipli alətlər indi hazırlanır. Kurikulum əsasında tədris alan uşaqlar iki ildən sonra 11-ci sinifə çatanda buraxılış və qəbul imtahanlarında müəyyən dəyişikliklər nəzərdə tutulub”.

DİM rəhbəri buraxılış imtahanlarına salınacaq fənlərdən də danışıb: “Hazırda 10-cu sinifdə oxuyan şagirdlərin valideynləri narahatdır, onlar hansı fənlərdən imtahan olacağını bilmirlər. 2019-cu ildəki buraxılış imtahanlarında olan fənlər indiki buraxılış imtahanlarında olan fənlər olacaq – Ana dili, riyaziyyat və xarici dil. Amma buraxılış imtahanının formatı bu il 9-cu sinif buraxılış imtahanındakı birinci mərhələdəki kimi olacaq”.

M.Abbaszadə bildirib ki, 2019-cu ildə buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub: “Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir”. 
TİA.AZ