Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar bu gün keçirilən mətbuat konfransında təhsil ekspertlərini sərt tənqid edib.
Tribunainfo.az xəbər verir ki, DİM sədri ekspertləri vicdanlı olmağa səsləyib.
“O ekspertlərin vicdanı duru olmalıdır. Mən bilmirəm, kim bunlara “ekspert” adı verib? Onlar orta və ali məktəbdə neçə il dərs deyiblər? Hansı məqalələri yazıblar? Hansı beynəlxalq konfranslarda çıxış ediblər? “Feysbuk”da, “TikTok”da, ya da sosial şəbəkədə nəsə yazan ekspertdirmi? Təhsili nədir? Ad-soyadını, hansı ildə hansı ali məktəbi bitirib, desin, mən də deyim ki, ora neçə balla qəbul olub. Desin də, kimdir? Necə təhsil eksperti olub? Bizim ətrafımızda müəyyən qruplar var ki, özlərini məşhurlaşdırmaq, ictimaiyyətə tanıtmaq, imic qazanmaq, bəlkə də, bir az pul əldə etmək üçün belə çıxışlar edirlər. İctimai fikir onlar tərəfindən formalaşmır. Mən buna inana bilmərəm. Real ictimai fikir ali, orta ixtisas müəllimləridir. Bu proses tamamilə şəffafdır. Nəticələri hər bir abituriyent və onun valideyni özü görür. Müəllim vəd verib ki, bu uşaq yaxşıdır, amma onu düzgün qiymətləndirməyiblər, təbii ki, həmin müəllim özünü doğru danışan kimi çıxarmaq üçün belə çıxışlar edəcək. 85 telefon nömrəsi bizdə var ki, bizdədir…”, – o bildirib.