Peyvəndlə bağlı göstəriş məcburi olmalıdır və bununla bağlı tədbirlər görülməlidir. Qızılca yayılmaqdadır və ağırlaşmalar da müşahidə edilir. Məhz bu səbəbdən müvafiq qurumlar bununla bağlı konkret ölçü götürməli, təcili tədbirlər görməlidirlər. Bu işə zaman itirmədən nəzarət artırılmalıdır.
Bu sözləri Tribunainfo.az-a açıqlamasında tibb üzrə professor Adil Qeybulla bildirib. Məktəblərdə qızılca peyvəndi ilə bağlı məcburi göndərişin verilməsini doğru hesab edən professor qeyd edib ki, uşaqların sağlamlığı üçün bu addım atılmalıdır:
“Qızılca, göyöskürək, skarlatina, difteriya kimi xəstəliklər onların vaksini çıxana qədər uşaqlar arasında kütləvi ölümə səbəb olub. Peyvənd tapılandan sonra mənzərə dəyişdi və nəticədə bunun qarşısını almaq üçün Ümumdünya Səhiyyə Təşkilatı bunu milli peyvənd təqvimə əlavə etdi. İndi bu milli peyvənd təqvimi bütün ölkələrdə fəaliyyət göstərir. Azərbaycanda da bu təqvim mövcuddur, ancaq demək olar son 5 ilə yaxındır ki, valideynlər bu təqvimə əməl etmirlər. Azərbaycanda peyvənddən yayınma, imtina həddən artıq çoxdur.
Vaksinlə bağlı yalan məlumatlar yayırlar və bu cür məlumatların heç bir sübutu yoxdur. Bu gün vaksindən imtinaya, vaksin vurulmamağa görə qızılca kimi ağır xəstəlik yayılmaqdadır. Üstəlik ağırlaşmalar da müşahidə edilir.
Hesab edirəm ki, milli peyvənd təqvimi üzrə bütün uşaqlar təyin edilən vaxtda vaksin olunmalıdır. Peyvənd olunmayan şəxs təkcə özü üçün yox, gələcəkdə ətraf üçün də təhlükədir, problemdir. Bu səbəbdən, hesab edirəm ki, peyvəndlə bağlı göstəriş məcburi olmalıdır və bununla bağlı tədbirlər görülməlidir. Milli peyvənd təqviminə əməl etsək, biz bu problemlə üzləşməyəcəyik. Müvafiq qrumlar bununla bağlı konkret ölçü götürməli, təcili tədbirlər görməlidirlər. Bu işə zaman itirmədən nəzarət artırılmalıdır”.