Məktəbli avtobusunun qiyməti məlum oldu… Niyə bu qədər yüksəkdir? – Ekspert

Məktəbli avtobusunun qiyməti məlum oldu… Niyə bu qədər yüksəkdir? – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əgər 5 gün məktəbli avtobusundan istifadə edirsinizsə və məsafə 10-15 km aralığındadırsa, 240 manat, 15 km-dən çoxdursa isə 250+ manat ödəməlisiniz.

Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı təhsil eksperti Kamran Əsədov məktəbli avtobusunun qiymətləri barədə danışarkən deyib. O bildirib ki, bir tərəfli seçimdə isə 15 km üçün 155 manat nəzərdə tutulur:

“İlk baxışdan bu məbləğ yüksək görünsə də, şəxsi avtomobillə həmin məsafəni qət etməklə müqayisədə olduqca sərfəlidir. Çünki valideynin benzin və avtomobilin amortizasiya xərcləri, üstəlik tıxacda vaxt itkisi nəzərə alındıqda, məktəbli avtobusu həm maliyyə, həm də zaman baxımından daha qənaətlidir.

Taksi xərcləri ilə müqayisə etdikdə də fərq aydındır – hər gün 3 km məsafəyə uşağı aparıb-gətirmək üçün valideyn ayda azı 300 manat ödəməli olur. Halbuki məktəbli avtobusu bu xərci azaldır, əlavə olaraq təhlükəsizlik, intizam və şagirdlərin sosial mühitdə birgə daşınması üstünlüyünü təmin edir. Bu xidmətin tətbiqi çox müsbət addımdır və təqdir olunmalıdır”.

Qiymətin yüksək olduğunu deyənlərə cavab olaraq K.Əsədov bildirib ki, özəl məktəblərdə valideynlər illərdir ayda 200 manata servis xidmətinə öyrəşiblər və bu, taksi ilə müqayisədə qat-qat sərfəlidir:

“Real hesablasanız, hər gün taksi ilə gediş-gəliş ən azı 600 manata başa gəlir, sürücü tutmaq isə bundan da baha olur. İndi tətbiq edilən 2 tərəfli 240 manatlıq qiymət taksi ilə müqayisədə çox münasibdir. Əgər övladınız məktəbin yaxınlığında oxuyursa, heç kim sizdən avtobus haqqı tələb etmir. Amma evdən uzaqda oxuyan şagirdlər onsuz da ictimai nəqliyyatdan istifadə etmir və ya taksi ilə gedib-gəlirlər. Ona görə reallığı qəbul etmək lazımdır – məktəbli avtobusu həm təhlükəsiz, həm də iqtisadi baxımdan ən əlverişli seçimdir.

Üstəlik, bu xidmət dövlət tərəfindən məcburi tətbiq edilmir. Məktəbli avtobusları dövlət büdcəsindən maliyyələşmir, özəl şirkət tərəfindən təklif olunan könüllü xidmətdir. İstəyən valideyn övladının təhlükəsizliyi və rahatlığı üçün bu xidmətdən yararlanır, istəməyən isə başqa alternativ seçir. Bu baxımdan avtobus layihəsi əlavə imkan yaratmaqla valideynlərin seçim azadlığını genişləndirir”.

Gülşən Rəsul