Tədris ili başlamamış, valideyn qruplarında artıq “pul yığımı”na start verilib. Hər il olduğu kimi, bu il də “fond pulu” adı ilə müxtəlif yuyucu vasitələrin, kağız üçün, printer üçün, otaqların təmiri üçün, jalüz üçün, sınan, xarab olan avadanlıqların təmiri və sairə üçün valideynlərdən pul yığılmasına başlanılır. Eləcə də, otaqların təmizliyi və mühafizə üçün də valideynlərdən müəyyən məbləğ toplanır. Biçarə valideynlər bilmirlər dərs ili üçün məktəb ləvazimatları alsınlar, yoxsa məktəbdən gələn sifarişləri yerinə yetirsinlər. Bəs dövlət məktəblərində şagirdlərdən hansısa formada təmir üçün və ya ümumiyyətlə hər hansısa bir məqsəd üçün pul yığıla bilərmi?
Bu kimi məsələlər valideynlər arasında müzakirələrə səbəb olub.
Tribunainfo.az-a məsələ ilə bağlı açıqlama verən təhsil eksperti Elçin Əfəndiyev bu kimi hallara necə son qoymağın yollarını izah etdi.
Onun sözlərinə görə, “məktəblərdə “fond pulu” və yaxud da bu ad altında pul yığımı varsa birbaşa qanunvericiliyin pozulması deməkdir”.
Təhsil eksperti bildirdi ki, ” o cümlədən həm təhsil haqqında qanunvericilik həm də korrupsiya və digər istiqamətlər üzrə bu qanun pozuntusudur”.
“Ona görə də yaxşı olar ki, bu istiqamətdə valideynlər hər hansı bir ödəniş etməsinlər. Təhsil haqqında qanunvericilikdə göstərilir ki, konkret olaraq valideynlər könüllülük prinsipi əsasında müvafiq olaraq təhsil müəsisəsində hər hansı bir ianə ödəyə bilərlər. Yenə də deyirəm bu könüllülük prinsipi əsasındadır. Amma kimdənsə məcburən, zorən “fond pulu” adı altında və yaxud da başqa-başqa adlar altında pul yığmaq, pul tələb etmək bu doğru deyil və qanunvericiliyin pozulmasıdır. Valideynlər də bununla bağlı mütləq qaydada aidiyyatı qurumlara şikayətlərini edə bilərlər.
Biz indi 21-ci əsrdə yaşayırıq. Bu “fond pulu” nə üçün yığılır? Fond pulu kim tərəfindən təyin olunur? Bu araşdırılmalıdır. Məktəblərin təmirə ehtiyacı varsa dövlət tərəfindən qarşılanır və dövlət tərfindən də təmir olunur. Yox, əgər məktəbə süpürgə və ya digər avadanlıqlar alınmalıdırsa bu da məktəbin təlim-tədris müəssisəsinin texniki istiqamət üzrə direktor müavini tərəfindən həyata keçirilməlidir. Onları da yenə dövlət təmin edir. Həmin şəxsin, direktor müavininin müraciəti əsasında nazirliyə və yaxud da Məktəbəqdər və Ümumtəhsil Dövlət Agentliyinə müraciət etməlidir. Konkret olaraq texniki çatışmazlıq varsa, onların hamısını qurumlar təmin edir. Əlavə printerdi, kağızlardı və s, bu da yenə dövlət tərəfindən təmin olunur. Ortalığa sual çıxır ki, yaxşı “fond pulu”nu kim təyin və təsis edib? “Fond pulu”na görə yığılan pullar kimin cibinə gedir? Hansı istiqamətə xərclənir? Əlbəttə ki, bunların da hesabatı yoxdur. Hesabat yoxdursa demək ki, burada kimsə konkret bu ad altında pul yığmaqla məşğuldur. Ona görə də valideynlər belə hal baş verəndə Təhsil Nazirliyinə zəng edib şikayətlərini bildirsinlər. Yaxud da Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə müraciət etsinlər. Valideynlər hamısı birmənalı olaraq qəbul etməlidirlər ki, “fond pulu” və digər istiqamətlərdə yığılan pullar yalnışdır. Qanunvericiliyin pozulması deməkdir”.
Dəniz Pənahova