“MƏKTƏB DİREKTORLARI ƏMR, PROTOKOL YAZMAĞI, MƏKTƏB SƏNƏDLƏŞMƏSİNİ BİLMİR”

“MƏKTƏB DİREKTORLARI ƏMR, PROTOKOL YAZMAĞI, MƏKTƏB SƏNƏDLƏŞMƏSİNİ BİLMİR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkədə fəaliyyət göstərən 4432 məktəb direktorunun 90 faizindən çoxu adi əmr yazmağı, protokol bağlamağı, məktəb sənədləşməsini bilmir. Təhsil prosesini tənzimləyən hüquqi normativ sənədlərlə tanış deyillər və bununla bağlı çox ciddi nöqsanlara yol verirlər.

Bu sözləri Tribunainfo.Az-a təhsil eksperti Elşən Qafarov məktəb direktoru seçimlərindən və bu istiqamətdə yol verilən yanlışlardan danışarkən deyib. Ekspert bildirib ki, indiki direktorlar əmək müqaviləsinin başlanması, xitam verilməsi kimi ən adi biliklərə malik deyillər:
“Məktəb direktorunun formatında dəyişiklik edilməlidir. Orada-burada direktor axtarmaq lazım deyil. Onları direktor müavinləri arasından seçməliyik. Direktor müavinləri xüsusi seçilməli, onların işi 2-3 il ərzində ardıcıl olaraq izlənməli və dəyərləndirilməlidir.


Məktəb direktoru işləmək istəyənlər üçün mütləq şərt qoyulmalıdır ki, ən az 2-3 il direktor müavini işləmiş şəxslər ərizə versin. Çünki onlar ən azından praktik təcrübə toplamış olurlar”.

E.Qafarov bildirib ki, direktorların işə qəbulunun bu şəkildə, tələsik, laqeyd, necə gəldi keçirilməsi məktəbin, təhsilin səviyyəsinə təsir edir:
“Namizədlərə 15 sual tənqidi oxu bacarıqlarından, 15 sual riyazi və məntiqi düşünmə bacarıqlarından, cəmi 15 sual təhsil və əmək və təhsil qanunvericilindən salınır. Bilinmir, məktəb direktoru axtarırlar yoxsa filosof.
Məktəb direktoru sıradan bir vətəndaş deyil. O, müəllimlərin müəllimidir. Onun pedaqoqluq, təşkilatçılıq, inzibatçılıq, ictimai xadim funksiyaları var. Bu funksiyaları yerinə yetirə bilməyən, kollektivlə, uşaq və müəllimlə işləmək bacarığı olmayan şəxslər direktor vəzifəsinə qəbul edilməməlidir. Hazırda direktor təyinatı zamanı yol verilən nöqsanlar bütöv bir məktəbin fəaliyyətini, təhsili iflic vəziyyətə salır”.
Nigar

Tribunainfo.Az