backend

Meksikada Xocalı qurbanları yad edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

23 fevral tarixində Meksikanın paytaxtı Mexiko şəhərinin Tlakskoake (Tlaxcoauqe) meydanında yerləşən “Xocalı Soyqırımı” monumenti qarşısında Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında Səfirliyinin təşkili ilə Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş və “Xocalıya Ədalət” kampaniyasına dəstək olan tədbir keçirilib. 

23 fevral tarixində Meksikanın paytaxtı Mexiko şəhərinin Tlakskoake (Tlaxcoauqe) meydanında yerləşən “Xocalı Soyqırımı” monumenti qarşısında Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında Səfirliyinin təşkili ilə Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş və “Xocalıya Ədalət” kampaniyasına dəstək olan tədbir keçirilib.

Səfirlikdən TİA.AZa verilən xəbərə görə, tədbirdə çoxsaylı diplomatik korpus nümayəndələri, o cümlədən Misir, Ukrayna, Liviya, İordaniya və Birləşmiş Ərəb Əmirlikləri səfirləri, Türkiyə, Gürcüstan, Qazaxıstan və Pakistanın yüksək vəzifəli diplomatları, Meksikada yaşayan Azərbaycan icması və yerli əhali iştirak edib. Tədbir “Xocalı Soyqırımı” monumentinin qarşısına əklil qoyma mərasimi ilə başlandı. Bu dəhşətli faciənin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi, həmçinin onların xatirəsinə Tlakskoake Kilsəsinin zəngi çalındı.

Tədbir zamanı çıxış edən Respublikamızın Meksikada müvəqqəti işlər vəkili Məmməd Talıbov 26 fevral tarixində bütün dünyanı öz dəhşəti ilə sarsıtmış Xocalı qətliamından 25 il keçdiyini qeyd edərək həmin günün Azərbaycanlıların könüllərində ən kədərli tarixlərdən biri olduğunu dedi. Həmin soyuq fevral gecəsi onlarla uşağın arzu və gələcəyinin vaxtsız qırıldığını, yüzlərlə günahsız həyatlara qəddarcasına son qoyulduğunu bildirən diplomat, bu faciənin qurbanlarına bütün bu əzabların verilməsinin yegənə səbəbinin onların sadəcə Azərbaycanlı olması olduğunu vurğuladı. Azərbaycan xalqına qarşı törədilmiş Xocalı qətliamının dünya ictimaiyyəti tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi və insanlığa qarşı cinayət kimi tanındığını deyən Azərbaycan təmsilçisi bildirdi ki, bu ağlasığmaz dəhşətləri törədənlər ədalət qarşısında cavab verməlidir. O bildirdi ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bir neçə il əvvəl başlanmış “Xocalıya Ədalət” beynəlxalq kampaniyası dünya ictimaiyyətinə bu faciə barədə həqiqətlərin çatdırılması üzrə böyük nailiyyətlər əldə edib. Xocalı qətliamı artıq bir neçə ölkə, o cümlədən Meksika, həmçinin bir sıra beynəlxalq təşkilatlar tərəfindən tanınıb.

M.Talıbov Azərbaycanın qədim tolerantlıq ənənələri və sülhpərvərliyi ilə tanındığını, ölkəmizdə müxtəlif mədəniyyətlərin nümayəndələrinin əsrlər boyu sülh və əminamanlıq şəraitində yaşadığını və bu gün buna dövlət rəhbərliyi və xüsusilə də Prezident cənab İlham Əliyevin bilavasitə qayğı göstərdiyini vurğuladı. Lakin bölgəmizdə sülhün bərqərar olması üçün ölkəmizə qarşı təcavüzün durdurulması, torpaqlarımızın işğalına son qoyulması və yüz minlərlə həmvətənlimizin öz doğma yurdlarına qayıdmalı olmasını vurğuladı.

Bundan sonra çıxış edən Meksikada Azərbaycanlı icmasının fəal nümayəndəsi, Mexiko Ştatı Simfonik Orkestrinin üzvü, Mexiko Milli Musiqi Konservatoriyası professoru Spartak Babayev çıxış edərək bu ağrı dolu günlərin canlı şahidi olduğunu söylədi. O, Azərbaycan xalqının Xocalı qətliamının qurbanlarına ədalət tələb etdiyini və buna bir gün nail olacağımıza inandığını bildirərək bu istiqamətdə Azərbaycanın səylərini dəstəkləyən və yanımızda olan bütün dostlarımıza təşəkkürünü bildirdi.

Bunun ardınca S.Babayev tanınmış Azərbaycan bəstəkarı Cövdət Hacıyevin əsərlərindən skripkada ifa etdi.

Tədbirin sonunda iştirakçılara Xocalı qətliamı barədə kitab və disk, həmçinin 2016-cı ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin Azərbaycan dinc əhalisinə qarşı törədilmiş silahlı təxribatların ağır nəticələri barədə kitablar paylandı. Qeyd edək ki, 26 fevral tarixində Tlakskoake kilsəsində Bazar günü xidməti zamanı Xocalı qətliamı qurbanlarının xatirəsi yad ediləcək, dua oxunacaqdır.