Mehriban Əliyeva mükafat aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda öz işinə başlayan Dünya Tibbi Hüquq Assosiasiyasının (DTHA) 23-cü konqresinin iyulun 11-də rəsmi açılış mərasimi olub. Bakı konqresi Assosiasiyanın 50 illik qızıl yubiley konqresidir. Bakıda öz işinə başlayan Dünya Tibbi Hüquq Assosiasiyasının (DTHA) 23-cü konqresinin iyulun 11-də rəsmi açılış mərasimi olub. Bakı konqresi Assosiasiyanın 50 illik qızıl yubiley konqresidir.

 Tədbirin təşkilində əsas məqsəd DTHA-nın növbəti yarıməsrlik tarixini başlamaq üçün tibbi hüquq, bioetika, məhkəmə təbabəti və məhkəmə ekspertizası üzrə dünyanın aparıcı mütəxəssislərinin öz bilik və təcrübələrini bölüşməkdir. Konqresin əsas mövzusu “Tibbi hüquq, bioetika və multikulturalizm”dir.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən DTHA təsisçilərindən biri və hazırkı prezidenti, professor Tomas Noquçi konqresin əhəmiyyətini vurğulayıb. Bakıda keçirilən növbəti tədbirin yüksək səviyyəli təşkilinə görə dövlətimizin başçısı İlham Əliyevə və təşkilatçılara öz minnətdarlığını bildirib. Rəhbərlik etdiyi qurumun yaranma tarixi barədə geniş məlumat verən professor təşkilatın hər il dünyanın müxtəlif ölkələrində keçirilən tədbirləri barədə danışıb. T.Noquçi hazırda dünyada tibb və tibbi ekspertiza sahəsində geniş islahatların baş verdiyini vurğulayıb.
Tibbi hüquq, bioetika və multikulturalizmin inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva Dünya Tibbi Hüquq Assosiasiyasının 50 illik Qızıl yubiley mükafatı və fəxri diplomu ilə təltif olunub. Mehriban xanım Əliyeva postsovet məkanında evtanaziyanın bioetik və hüquqi aspektlərini elmi cəhətdən tədqiq edən ilk alimlərdəndir. DTHA-nın təltifləri Mehriban xanım Əliyevanın bu sahədə apardığı elmi işlərinin nəticələrinin əhəmiyyətini, onun səhiyyə, təhsil və elm sahəsində rəhbərlik etdiyi layihələri, eləcə də sülh, tolerantliq və qlobal təhlükəsizliyin dünyada bərqərar olması naminə müxtəlif sivilizasiyalar və dinlərarası multikultural dialoqun təmini və təbliğində səylərinin beynəlxalq elmi ictimaiyyət və hüquqşünaslar tərəfindən yüksək qiymətləndirilməsinin təzahürüdür.
Mükafat və fəxri diplom Birinci vitse-prezident Mehriban Əliyevaya çatdırılmaq üçün səhiyyə naziri Oqtay Şirəliyevə təqdim edilib.

Konqresdə çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev dünyanın 15 ölkəsində tədris olunan Azərbaycanın multikulturalizm modeli barədə məlumat verib. Bildirilib ki, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin dinc şəraitdə yaşamasına və bunun bir dünya modelinə çevrilməsinə baxmayaraq, Azərbaycan torpaqlarının 20 faizi hələ də erməni işğalı altındadır. Həmçinin nazir hazırda dünyanın bir çox ölkələrinin müharibələrə məruz qaldığını vurğulayıb.
Azərbaycanda səhiyyənin və tibb elminin inkişafı istiqamətində atılan addımlar barədə məlumat verən nazir qeyd edib ki, bugünkü tədbirin mövzuları tibb işçiləri üçün çox əhəmiyyətlidir. “Həkimlər xəstəni deyil, xəstəliyi müalicə edir”, – deyən O.Şirəliyev tibb işçiləri ilə pasiyentlər arasında qarşılıqlı səmimiyyət və güvən hissinin vacibliyini qeyd edib.
Sonra konqres işini mövzu ətrafında məruzələrlə davam etdirib.
Bakı konqresində dünyanın aparıcı universitetlərinin professor-müəllim heyətinin 130-dan çox məruzəsi dinləniləcək, 100-ə yaxın poster təqdim olunacaq. Konqresin elmi proqramına təqribən 275 tezis daxil edilib. Məruzələrin tezisləri beynəlxalq “Tibb və hüquq” elmi jurnalında nəşr olunacaq.
Qeyd edək ki, DTHA 1967-ci ildə Belçikada tibbi hüquq sahəsində multikultural və fənnlərarası problemlərin tədqiqatı məqsədilə hüquq və məhkəmə təbabəti üzrə bir qrup tanınmış mütəxəssis tərəfindən yaradılıb. Qurum UNESCO, Dünya Səhiyyə Təşkilatı, Beynəlxalq Cinayət Məhkəməsi və bir çox milli peşəkar assosiasiyalar ilə əməkdaşlıq edir.