Moskvada, Rusiya Dövlət Tretyakov Qalereyasında “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” adlı sərginin açılışı olub. Moskvada, Rusiya Dövlət Tretyakov Qalereyasında “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” adlı sərginin açılışı olub.
Açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib. “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” sərgisi Heydər Əliyev Fondunun, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin və “Mərcani” Fondunun dəstəyi ilə baş tutub.
Bu sərgi həm də Tretyakov Qalereyasında, Azərbaycan Milli İncəsənət Muzeyində, şəxsi kolleksiyalarda saxlanılan əsərləri bir ekspozisiyada birləşdirir. Sərgidə ümumilikdə 12 Azərbaycan rəssamının, o cümlədən Cavad Mircavadov, Nadir Əbdürrəhmanov, Kamal Əhməd, Rasim Babayev, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Tahir Salahovun, heykəltəraş Fazil Nəcəfovun 60-dən çox əsəri nümayiş olunur.
Sərginin açılışında çıxış edən Rusiya Dövlət Tretyakov Qalereyasının baş direktoru Zemfira Trequlova təqdim olunan əsərlərdən danışdı. Bildirildi ki, bu əsərlərin hər biri Abşeronun gözəlliyini, Odlar Yurdunun füsunkarlığını nümayiş etdirir. Qalereyanın baş direktoru, həmçinin vurğuladı ki, Bakı həm də maraqlı mədəniyyət mərkəzidir. Burada gözəl muzeylər və müasir incəsənət mərkəzləri var. Bakıda çevik incəsənət mühiti hökm sürür. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış etdi.
Sonra Rusiya Baş nazirinin müavini Olqa Qolodets çıxış edərək Bakıya səfərini xatırladı. Qeyd edildi ki, Azərbaycan mədəniyyəti hər zaman özünün qədimiliyi ilə seçilib. Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinin inkişafına göstərdiyi diqqətdən danışan Rusiya Baş nazirinin müavini Moskvanın mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə bu cür möhtəşəm sərginin açılmasının ölkələrimiz arasındakı dostluq əlaqələrinə töhfə verəcəyinə əminliyini ifadə etdi.
Rusiyanın mədəniyyət naziri Vladimir Medinski qeyd etdi ki, Tretyakov Qalereyasının kolleksiyasına hazırda Azərbaycan rəssamlarının ən yaxşı əsərləri daxildir. Nazir vurğuladı ki, Bakının yerləşdiyi Abşeron yarımadası xüsusi yaradıcılıq mühitinə malikdir və burada bir çox tanınmış Azərbaycan rəssamları yetişib.
“Mərcani” Fondunun direktoru Rüstəm Süleymanov Abşeron rəssamlarının bu cür rəngarəng və fərqli əsərlərinin Moskvanın nüfuzlu Tretyakov Qalereyasında nümayiş etdirilməsini böyük nailiyyət adlandırdı. Heydər Əliyev Fondu ilə birgə həyata keçirilən bu layihədən məmnunluğunu ifadə edən “Mərcani” Fondunun direktoru belə sərgilərin davamlı olacağına əminliyini bildirdi.
Sonra sərgi ilə tanışlıq oldu. Məlumat verildi ki, sərgi Tretyakov Qalereyasının uzunmüddətli layihəsi çərçivəsində reallaşdırılıb. Layihə çərçivəsində keçmiş SSRİ respublikalarının tanınmış rəssamlarının həm qalereyada, həm də müxtəlif muzeylərdə və şəxsi qalereyalarda saxlanılan əsərləri təqdim olunacaq. Bu ekspozisiya həmin silsilədən təqdim olunan ilk sərgidir. Əsərlərin əksəriyyəti ilk dəfədir ki, Tretyakov Qalereyasında nümayiş olunur. Bu əsərlər məşhur Abşeron məktəbi haqqında tam təəssürat yaradır. Rəsmlərin hər birində Azərbaycan folkloru, mifoloji süjetlər, milli ornamentlər, miniatür sənəti əksini tapıb. Sərgi ölkəmizin rəssamlıq məktəbinin orijinallığı ilə bərabər, həm də Azərbaycan və Rusiya mədəni əlaqələrinin sürətli inkişafının təzahürüdür. Sərgi gələn ilin fevralınadək davam edəcək.