Mehman Xəlilovla bağlı hökm dəyişmədi

Mehman Xəlilovla bağlı hökm dəyişmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

7 yaşlı Fərid Bakarovu xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən idmançı Mehman Xəlilovun şikayətinə baxılıb.

Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən iclasda idmançının vəkili müvəkkilinə verilmiş ittihamın dəyişdirilməsini, sanksiya həddində yüngül cəza təyin edilməsini istəyib.

Məlumat üçün deyək ki, idmançı azyaşlını qəsdən öldürmədiyini, hadisənin ehtiyatsızlıqdan baş verdiyini deyir. Xəlilov son sözündə də hadisədən dərin peşmançılıq hissi keçirdiyini etiraf edib, özünü Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirli bildiyini söyləyib.

İstintaq materiallarında qeyd olunur ki, təqsirləndirilən idmançının zərərçəkmiş Fəridin anası ilə yaxın münasibəti olub. Fəridin anasının hərəkətlərinə əsəbiləşən Mehman azyaşlını qisas məqsədilə öldürüb. Mehman özü isə məhkəmədə bunları təkzib edib, baş verənləri ehtiyatsızlıqdan yaranan bədbəxt hadisə adlandırıb.

Şikayəti Məhəmmədəli Rzayevin sədrlik etdiyi hakimlər heyəti araşdırıb.

Yuxarı instansiya məhkəməsi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmündə qanun pozuntusu aşkar etməyib.

Qərara əsasən, M. Xəlilovun 19 il azadlıqdan məhrumetmə cəzası olduğu kimi qüvvədə saxlanılıb.

Qeyd edək ki, hadisə Sumqayıt şəhərində yerləşən 19 nömrəli məktəbin idman zalında baş verib. Cinayətin baş vermə anının görüntüləri sosial şəbəkələrdə yayılıb. Videodan görünür ki, Mehman Xəlilov məşqdə zərərçəkmiş Fərid Bakarovun saçından, başından, qulağından tutaraq havaya qaldırıb, həmçinin təpiklə vurub və digər təhlükəli hərəkətlər edib, nəticədə F. Bakarov vəfat edib.

M. Xəlilova əvvəl Cinayət Məcəlləsinin 126.3-cü (sağlamlığa ağır zərər vurma-ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib. İstintaqın gedişində onun əməli eyni məcəllənin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələrinə tövsif edilib.