Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən MTK sahibi, iş adamı Alışov Cahangir Həsənağa oğlu və Fətəliyev Habil Məmməd oğlunun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Tribunainfo.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onların şikayəti təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırlama: Bu cinayət işi üzrə zərərçəkmiş kimi tanınan 200-ə yaxın şəxs var. Məhkəmə istintaqı zamanı prokuror arayış verərək bildirmişdi ki, zərərçəkən şəxslər “Şərur MTK”ya göndərilir. Həmin şəxslərdən əlavə ödəniş tələb edilir. Belə ki, zərərçəkənlər “Yüksəliş” MTK-dan mənzilin kvadratına görə 400 manat ödəyib. “Şərur” MTK isə mənzilləri 900-1250 manata satır. Bununla da zərərçəkənlərdən 400 manatdan artıq əlavə ödənişlər tələb edilir və belə olan halda mənzil verilir. Prokuror deyib ki, bu zərərin ödənməsi demək deyil.
Qeyd: Cahangir Alışov “Yeni Yasamal” MTK-nın sədri olub. Habil Fətəliyev isə Cahangir Alışovun səlahiyyətli nümayəndəsi-hüquqşünas kimi fəaliyyət göstərib. İttihama görə, mənzillərin satışını həyata keçirən Habil Fətəliyev qeyriləri ilə əlbir olub cinayət əlaqəsinə girərək qulluq mövqeyindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər. Bununla da paytaxtın Yasamal rayonunda inşa olunan binadan dəyəri ödənilmiş 33 mənzili yenidən 37 nəfərə sataraq 1 milyon 644 min manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçiriblər. Bundan başqa, Cahangir Alışovun Habil Fətəliyev və qeyriləri ilə əlbir olub “Yüksəliş-C” MMC-nin direktoru vəzifəsində işləməklə həmin cəmiyyət tərəfindən Bakı şəhəri, Xətai rayonunda inşa olunan binadan da eyni qaydada 10 mənzili təkrarən 11 nəfərə satmaqla 587 min manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçiriblər. Cahangir Alışov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı), Habil Fətəliyev isə həmin məcəllənin 178.3.2 və 313-cü maddələri ilə ittiham edilir. Bu cinayət işi üzrə zərərçəkən vətəndaşların sayı 198 nəfərdir. Cahangir Alışov daha əvvəl də bu əməllərinə görə həbs cəzası alıb.