ABŞ-nin Saypan adasındakı Federal Dairə Məhkəməsində “WikiLeaks”in qurucusu Culian Assanj ilə bağlı məhkəmə iclası keçirilib.
Tribunbainfo.az xarici KİV-nə istinadən xəbər verir ki, Assanj azadlığa buraxılması ilə bağlı razılaşmanın bir hissəsi kimi əməlini qismən etiraf edib.
“WikiLeaks”in qurucusuna Britaniyanın Belmarş həbsxanasında cəza çəkdiyi müddətə hökm çıxarılıb.
Daha sonra Assanj məhkəmə binasını alqışlarla tərk edib.
O, çıxışda jurnalistlərin suallarını cavabsız qoyub.
Assanjın vəkili Barri Pollak bildirib ki, “WikiLeaks” fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, “Wikileaks” 2006-cı ildə Culian Assanj tərəfindən yaradılmış qeyri-kommersiya təşkilatıdır. Təşkilatın məqsədi məxfi sənədləri və məlumatları ictimaiyyətə çatdırmaqdır.
2010-cu il oktyabrın 28-də “Wikileaks” ABŞ-nin İraq və Əfqanıstanda həyata keçirdiyi əməliyyatlarla bağlı 251 min gizli sənəd dərc edib. Bu səbəbdən Assanj 2019-cu ildə saxlanılıb. Daha sonra o, zaminə buraxılsa da, şərtləri pozduğuna görə həbs edilib və Londondakı Belmarş həbsxanasına aparılıb.