Məhkəmə Vilyam Hacıyevin vəkilləri ilə bağlı Kollegiyaya müraciət etdi

Məhkəmə Vilyam Hacıyevin vəkilləri ilə bağlı Kollegiyaya müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə bu günə təyin olunmuş məhkəmə prosesi təxirə salınıb.

APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfinin üç vəkilindən heç birinin prosesdə iştirak etmədiyi bildirilib. V.Hacıyev müdafiəçiləri, xüsusilə də vəkil Elmar Kərimov olmadan məhkəmə iclasının keçirilməsinə etiraz edib.

Hakim müdafiə tərəfi olmadan məhkəmə iclasının onsuz da keçirilməyəcəyini onun diqqətinə çatdırıb, lakin müdafiəçilərin məhkəmə iclasını qəsdən pozmağa çalışdıqlarını da bildirib:

“Üç vəkildən biri gəlmirsə, niyə müqavilə bağlayırlar? Belə çıxır ki, bilə-bilə məhkəməni ləngitmək istəyirlər. Müdafiəçilərlə bağlı tədbir görüləcək və dərhal Vəkillər Kollegiyasının sədrinə müraciət ediləcək”.

Məhkəmə fevralın 18-nə kimi təxirə salınıb.

Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.