“Məhkəmə icraçıları 1 ildir məni yollarda qoyub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı sakini məhkəmənin qərarının yerinə yetirilməməsindən şikayətlənir

 

Bakı sakini məhkəmənin qərarının yerinə yetirilməməsindən şikayətlənir

Bakı şəhəri Yeni Günəşli qəsəbəsi Ev 135, mənzil 61-də yaşayan Xavər Məhərrəmova redaksiyamıza gələrək şikayətlənib. O, qeyd edib ki, illərlə üst mənzildən su sızması onun evini bərbad hala salıb:

“Mənzilim 4-cü mərtəbədə yerləşir. 5-ci mərtəbədə, üst mənzil isə Nailə Quliyevaya məxsusdur. O, artıq 5 ildir ki, mənzilini kirayəyə verir. Bir neçə ildir ki, onun mənzilindən mənim evimə su sızdığından, mənzilim bərbad vəziyyətə düşüb. Buna görə dəfələrlə öz hesabıma təmir işləri aparmışam. Qonşuma bu barədə çoxsaylı müraciətlər etsəm də, o, buna məhəl qoymayıb, dəymiş ziyanı ödəməyib, bu haqda tədbir görməyib. Bu səbəbdən aramızda dəfələrlə mübahisə yaranıb. 2015-ci ilin iyul ayında növbəti dəfə mənim mənzilimə su sızdığı üçün aramızda münaqişə yarandı. Nəticədə məsələni araşdıran sahə müvəkkili tərəfindən kirayədə yaşayanlar barəsində inzibati xəta protokolu tərtib olundu. Sonradan mənzilə baxış keçirilərək, həqiqətən mənim evimə ziyan dəydiyi haqda akt tərtib edildi. Belə ki, mənzilin tualet və yardımçı otağının tavanı və aşağı hissələri nəm çəkərək yararsız hala düşmüşdü”.

Şikayətçi qeyd edib ki, yaranmış olayla bağlı məhkəməyə müraciət edib: “Bununla bağlı Suraxanı Rayon Məhkəməsi ötən ilin dekabrın 19-da qərar çıxartdı. Qərar əsasən cavabdeh Quliyeva Nailə Özbək qızından mənə vurulan maddi zərərə görə 588 manat və mənəvi ziyana görə 500 manat alınaraq mənə verilməlidir”.

Şikayətçinin sözlərinə görə məhkəmə qərar çıxartsa da, artıq bir il ötməsinə baxmayaraq qarşı tərəfdən təzminatını ala bilmir: “Əvvəlcə məhkəmənin qərarının icrasına Bakı şəhərində baxılsa da, sonradan icra sənədi Lənkəran rayonuna göndərildi. Lənkəran rayon icra şöbəsi 15 noyabr 2017-ci ildə qərarının icrası ilə bağlı iş üzrə icraata başlanılması haqda qərar çıxartmasına baxmayaraq bu günədək qarşı tərəfdən borcumu ala bilmirəm. Bir il ərzində mənə yalnız ”söz”lə vədlər verilib, qarşı tərəflə “danışacaqlarını” bildiriblər. Nəticədə isə məhkəmənin qərarı ilə çıxarılan icraat yerinə yetirilməyib. Aidiyyəti orqanlardan xahiş edirəm, hüquqlarımın bərpası üçün mənə köməklik göstərsinlər”.

Məsələ ilə bağlı qarşı tərəfin də rəyini dərc etməyə hazırıq.

Xalidə GƏRAY