Şirvan Apellyasiya Məhkəməsində Füzulidə 1987-ci il təvəllüdlü arvadı Ruhanə Qasımovanı qətlə yetirməkdə təqsirləndirilən Süleyman Qasımovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırlatma: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Qasımov 10 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Hadisə ötən ilin sentyabrın 24-də Füzulinin Qayıdış-5 qəsəbəsində baş verib.
Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, hadisədən bir gün öncə evlərinə qonaq gəlib. S.Qasımov qonaqlar üçün qaz ətindən kabab bişirib. Bu zaman arvadı da qonaqlarla birlikdə masaya əyləşərək kababdan yeyib.
Maraqlıdır ki, Ruhanənin masaya əyləşməsi Süleymanın narazılığına səbəb olub. O, həyat yoldaşına “bəs sən gördün ki, qonaq sayı çoxdur, yemək azlıq edir, nəyə görə sən də oturub yedin?” deyərək irad tutub. Onun bu sözləri Ruhanənin xətrinə dəyib.
Hadisənin baş verdiyi gün isə evə sərxoş vəziyyətdə gələn S.Qasımov Ruhanənin əşyalarını toplayaraq evdən ayrılmaq istədiyini görüb. Qadının atası evinə getməsi Süleymanı özündən çıxarıb və bunu qəbul edə bilməyib.
Nəticədə həyat yoldaşının arxasınca qayınatasıgilə gedən ər arvadını bir bıçaq zərbəsi ilə qətlə yetirib.
Hadisədən sonra S.Qasımov “102” xidmətinə zəng edərək arvadını öldürdüyünü deyib.
Qeyd: Cütlüyün hazırda hərbi xidmətdə olan bir övladı var.