Qeyd edək ki, “German Hospital”ın adı indiyə qədər müxtəlif qanunsuzluq və qalmaqallarda hallanıb.
Tribuna xəbər verir ki, Bakupost.az-ın əməkdaşı bununla bağlı araşdırma aparıb.
Araşdırma zamanı aydın olub ki, 2010-cu illərdə yaradılan tibb mərkəzi 10 ilə yaxın müddətdə “Astoriya” adı altında fəaliyyət göstərib. Yarandığı gündən adı həkim səhlənkarlığı ilə yadda qalan klinika, xüsusən də, onun doğuş şöbəsi ilə bağlı qalmaqallar səngiməyib.
Belə ki, “Astoriya”da uzun müddət müvafiq lisenziya olmadan təbii doğuş və qeysəriyyə əməliyyatları həyata keçirilib. Bu xidmətlərin bərbad vəziyyətdə olduğu isə klinikada baş verən ana və uşaq ölümü halları ilə bağlı şikayətlərdən də bəlli olur.
Məsələn, 2015-ci ildə 29 yaşlı İlahə Musazadə “Astoriya” Tibb Mərkəzində doğuş zamanı dünyasını dəyişib. Xəstənin yaxınlarının dediyinə görə, təbii yolla baş verən doğuşu ağrısız etmək ucun xəstə anestaziya olunub. Bu zaman onun halı pisləşib və ürəyi dayanıb.
Yusif Sadiyev adlı vətəndaşın isə 2018-ci ildə həmin klinikada əkiz uşaqları dünyaya gəlib. Əvvəlcə hospitalın həkimləri doğulan uşaqların yaxşı olduğunu bildiriblər. Lakin valideynlərə heç bir analizin cavabı göstərilməyib. 3 gündən sonra isə bildiriblər ki, uşaqlardan biri ölü doğulub.
Klinikada baş verən ardıcıl ölüm hadisələrindən sonra daxil olan şikayətlər nəticəsində Səhiyyə Nazirliyinin təzyiqi ilə klinika bir il müddətinə fəaliyyətini dayandırıb. Reputasiyası korlanan “Astoriya” Tibb Mərkəzi Mehdiyevlərin kürəkəninin Gülya adlı dayısı qızı və Səttar adlı qardaşı oğlunun rəhbərliyə ilə 2020-ci ildə adını “German Hospital”a dəyişərək əsasən, ginekologiya və doğuş xidməti üzrə təkrar fəaliyyətə başlayıb. Amma bu klinikanın fəaliyyətində heç nəyə təsir etməyib, tam əksinə vəziyyət daha da pisləşib.













