Mehdiyevin titulsuz qalan sələfləri… Fəxri adları geri alınan məmurlar

Mehdiyevin titulsuz qalan sələfləri… Fəxri adları geri alınan məmurlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zamanında “akademik” titulu, “Şərəf” ordeni və saysız mükafatlarla təltif edilən Ramiz Mehdiyev indi bu titulları qoruyacaq vəziyyətdə deyil. Dövlət hakimiyyətinə qarşı çıxmaqda, sistemin dağılmasına cəhddə adı hallanan sabiq Prezident Administrasiyası rəhbərinin aqibəti artıq Əli İnsanov və Surət Hüseynovun taleyinə bənzədilir. Onlar da bu ittihamlarla həbs edilmiş, tutulları əllərindən alınmışdı. Yuxarıda adı çəkilən, ölkənin siyasi həyatında əhəmiyyətli yer tutan bu şəxslərin təltiflərinin ləğvi artıq bu istiqamətdə presedent yaradıb. Maraqlıdır, indi növbə Ramiz Mehdiyevdədirmi?

Tribunainfo.az xəbər verir ki, Azərbaycanda orden və medalların şəxsin əlindən alınması (geri alınması və ya ləğv edilməsi) hüquqi əsasla və adətən Prezidentin sərəncamı ilə həyata keçirilir. Təbii ki, bunun üçün birinci səbəblər olur.


Azərbaycanda layiq görüldüyü titullardan məhrum edilən, orden və medalları əlindən alınan birinci şəxslərdən biri Surət Hüseynovdur. Sabiq baş nazir Surət Hüseynov Gəncə hadisələrindən sonra Azərbaycan Respublikasının prezidenti seçilmiş Heydər Əliyevin imzaladığı fərmanla 1993-cü il iyunun 30-da baş nazir təyin olunur. Amma sonradan Heydər Əliyevə qarşı qiyama cəhd göstərən S.Hüseynov 1994-cü il oktyabrın 6-da Milli Məclis üzvlüyündən azad edilib, oktyabrın 7-də isə baş nazir vəzifəsindən uzaqlaşdırılıb. Oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsinin tövsiyə olunması haqqında qərar qəbul edir. Bundan sonra həbs edilən S.Hüseynov üzərində “Azərbaycanın Milli Qəhrəmanı” sözləri yazılmış “Qızıl Ulduz” medalından məhrum edilib.

Xidmətlərinə görə verilən titulu əlindən alınan digər şəxs isə sabiq Səhiyyə naziri Əli İnsanovdur. O, mərhum prezident Heydər Əliyevin ən güvəndiyi nazirlərindən biri sayılırdı. Ə.İnsanov Heydər Əliyev hakimiyyətə gələndən sonra – 1993-cü ildə səhiyyə naziri vəzifəsinə təyin edildi. 1995-ci ildə isə Milli Məclisə deputat seçilib. Əməkdar elm xadimi olan sabiq nazir Azərbaycanın ilk dərman preparatı “İnsanovin”i hazırlayıb. O, Heydər Əliyev dövründə, 2001-ci ilin iyulunda Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü də seçilib. Əli İnsanov Heydər Əliyevin şəxsi həkimlərindən biri idi.
Əli İnsanov 2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs edilir. Əvvəlcə dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilən sabiq nazir, daha sonra iqtisadi cinayətlərdə təqsirli bilinib. Bundan sonra İnsanovun bir çox titulları, o cümlədən akademik fəxri adı ondan geri alınır.

Titulları geri alınanlardan biri də yazıçı, dramaturq Əkrəm Əylislidir. Buna səbəb yazıçının qələmə aldığı “Daş Yuxular” romanı idi. Prezident İlham Əliyev Əkrəm Əylislinin (Əkrəm Nəcəf oğlu Naibovun) Azərbaycan Respublikasının “Xalq yazıçısı” fəxri adından məhrum edilməsi barədə müvafiq sərəncam imzalamışdı. Azərbaycan Respublikasının “Xalq yazıçısı” fəxri adını ləkələmiş bir şəxs kimi Əkrəm Əylislinin bu addan məhrum edilməsi barədə dövlət strukturlarının, ictimai qurumların və vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq sərəncam imzalanmışdı.

İndi isə çoxları hesab edir ki, növbə Ramiz Mehdiyevdədir və o da tituallarından məhrum edilməlidir.

Mövzu ilə bağlı Tribunainfo.az-a açıqlama verən hüquqşünas Əkrəm Həsənov bildirib ki, Ramiz Mehdiyev barəsində bu cür ağır ittihamlar varsa, titualları da əlindən alına bilər:

“Onun haqqında əgər məhkəmə hökmü olacaqsa, elə məhkəmə hökmü ilə də titullar, orden və medallar əlindən alınacaq. Belə imkan Cinayət Məcəlləsi ilə nəzərdə tutulub. Nəzərə alın ki, ona qarşı irəli sürülən ittihamlar olduqca ağırdır.

Belə cinayətlərdə təqsirli bilinən şəxs belə titul və ordenlərin sahibi ola bilməz. Mən şəxsən buna əminəm ki, barəsində təqsirləndirilən hökm çıxarılacağı təqdirdə, bu cinayətlərdə təqsirli bilinəcəksə, mütləq şəkildə titullardan məhrum ediləcək. Hazırda Ramiz Mehdiyevin 87 yaşı var. Ümid edək ki, ona heç nə olmayacaq və bu hökm də çıxarılacaq”.

Nigar İxtiyarqızı