Mehdiyevin ardınca Əsəd… Putin keçmiş Suriya diktatorunu da təhvil verəcək? – ŞƏRH

Mehdiyevin ardınca Əsəd… Putin keçmiş Suriya diktatorunu da təhvil verəcək? – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ramiz Mehdiyevin həbsi ilə bağlı səhnə arxasında Rusiyanın barmağının olduğu artıq gizli məsələ deyil. Siyasi kuluarlarda iddia olunur ki, Kreml özünün köhnə tərəfdaşını “ələ verərək” Azərbaycandakı təsir dairəsini qorumağa çalışıb. İndi isə eyni ssenarinin Yaxın Şərqdə – illərdir Putinin himayəsində dayanan Bəşər Əsədin başı üzərində dolaşdığı bildirilir. Putinin bu dəfə Mehdiyevin ardınca Əsədi, öz keçmiş müttəfiqini təhvil verməyə hazırlaşdığı deyilir. Gözləntilər özünü doğrulda bilərmi?

Bununla bağlı Tribunainfo.az-ın sualını cavablandıran siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Suriyanın yeni hakimiyyətinin Rusiya ilə münasibətlərin bərpasında əsas istəklərindən biri elə məhz Əsədin təhvil verilməsidir. Onun fikrincə, Əl-Şaranın Moskvaya səfəri, Putinlə görüşündə də bu məsələnin müzakirə edildiyi istisna deyil:

“Hətta Suriya prezidenti bildirdi ki, Rusiya ilə əvvəl mövcud olan anlaşmalar yenidən davam edəcək. Bu o deməkdir ki, Dəməşq Moskvanın istədiklərini verməyə hazırdır. Təbii ki, bu mövqe Suriyanın yeni hakimiyyətinin bütün güclü oyunçularla balansı münasibət qurmaq siyasətindən qaynaqlanır. Əsədin təhvil verilməsi istəyi isə Moskva ilə münasibətlərdə epizodlardan biridir. Lakin Rusiyanın Əsədi təhvil verməsi ehtimalı hələ də az görünür.
Birincisi, Rusiya və Suriyanın münasibətləri bərpa etmək istiqamətdə perspektivər açılsa da, Moskva istədiklərini hələ də almayıb. Rusiyanın əsas istəklərindən biri Aralıq dənizinin sahilindəki bazalarını əvvəlki səviyyədə bərpa etməkdir. Suriyada post-Əsəd dövrünün güc balansı fonunda Dəməşqin Moskvanın bu istəyini nə qədər yerinə yetirə biləcəyi sual altında qalır. Bu baxımdan, Rusiya Əsəd kartından əl-Şara hakimiyyəti ilə münasibətlərdə sona qədər istifadə edəcək, yəni Əsədin hələ istifadə müddətinin qaldığını deyə bilərik.

İkincisi, Əsəd Rusiyaya sığınıb və Moskva ona sığınanları qorumağı, yəni satmaması prinsipial məsələ kimi görür. Əsədin Suriyaya təhvil verilməsi Rusiyanın bu imicini zədəəyə, ona olan etibarı azalda bilər. Bu amil də təhvilvermə prosesi ilə bağlı gözləntiləri azaldır. Lakin Rusiya Suriyadan istədiklərinui alarsa, Əsədin fiziki olaraq sıradan çıxarılması ssenarisi baş verə bilər. Daha öncə Əsədin Moskvada zəhərlənməsi ilə bağlı yayılan xəbərlər təsadüfi deyildi. Əsədin ən azı fiziki olaraq sıradan çıxarılması onun varlığının təhdid kimi görən Əl-Şara hakimiyyəti üçün də məqbul ola bilər”.

Gülşən Rəsul