Məhbus ədliyyə nazirinə müraciət etdi: Dərman problemi yaşayırıqbackend

Məhbus ədliyyə nazirinə müraciət etdi: Dərman problemi yaşayırıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən 1-ci dərəcəli əlil Səmədov Əli Azər oğlu qardaşı Məhəmməd Səmədov vasitəsi ilə mediayay müraciət edib. Tribunainfo.az-ın elektron poçtuna göndərilən məktubda deyilir ki, son zamanlar həbsxanalarda xəstələrin müalicəsi üçün nəzərədə tutulmuş dərmanların verilməsi prosesi dayandırılıb.
O yazıb ki, səhhəti ağır olsa da, müalicə ala bilmir. “Son iki aydır ki, müəssisəyə dərman preparatlarının gəlişinə məhdudiyyətlər qoyulub. Bu təkcə, 15 saylıda deyil, bütün Cəzaçəkmə Müəssisələrində yaşanan haldır. Xəstə məhkumlarin dərmanların bitməsi səbəbi ilə müalicələri tamamilə dayandırılıb”.
Məktubda deyilir ki, həkimlər əllərindən gələni etmək istəsələr dərmanların olmamasına görə hər gün məhkumlarla mübahisəyə girmək məcburiyyətində qalır və onlara o dərmanları şəxsi hesablarına almaqlarini xahiş edirlər. “Mənim kimi sosial müavinət alan məhkumlar dərmanları ala bilsələr də kasıb, kimsəsiz məhkumlar yalnız öləcəyi günü gözləyirlər”.
Məhkum Əli Səmədov qeyd edir ki, onun müraciətinə Ədliyyə Nazirliyi Tibb Baş idarəsinin əməkdaşı Məhəl həkim şifahi olaraq bildirib ki dərmanların bazadan cəzaçəkmə müəssisələrinə göndərilməməsinin başlıca səbəbi Ədliyyə Nazirliyi Tibb Baş idarəsinin rəisinin yeni dəyişdirilməsi və yeni rəisin cəzaçəkmə müəssisələrinə dərman preparatlarının paylanmasına dair sənədləri imzalamamasidir. “Səbəb kimi isə 11 saylı cəzaçəkmə müəssisəsinin baş həkimi Elşən İsayevin dərmanları müəssisə ərazisindən qeyri-qanuni çixarması göstərilir. O deyib ki, məsələ Tibb Baş idarəsi tərəfindən araşdırılır yəqin ki, önümüzdəki aylarda dərmanlar cəzaçəkmə müəssisələrinə çatdırılacaq”.
Redaksiyamız müraciət edən məhkum, Prezident İlham Əliyev və ədliyyə naziri Fərid Əhmədovdan media vasitəsi ilə xahiş edib ki, məsələni araşdıraraq, lazımı tədbirlərin görülməsinin tezləşdirilməsinə yardımçı olsunlar.
Məsələ ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin də mövqeyini dərc etməyə hazırıq.