Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevlə bağlı şirkətlər Moskva və Sankt-Peterburqdakı restoranlara investisiya qoyur. Bu barədə “Sistema” araşdırma layihəsi məlumat verib.
Bildirilir ki, Moskvada Medvedevlə bağlı restoran “Pyatnitskaya” küçəsində yerləşən premium səviyyəli “Drinks & Dinners”-dir. 2024-cü ildən restoran “Pyatniska Sarayı” adlanır. Restoran tarixi malikanədə yerləşir, interyeri təbii mərmər və taxta ilə bəzədilib, yeddi zalı var və eyni anda 380 qonağı qəbul edə bilir. Araşdırmaya görə, restoran 2019-cu ildə məşhur aşpaz və televiziya aparıcısı Konstantin İvlev tərəfindən açılıb.

Araşdırmaya görə, restoranın yerləşdiyi malikanə 2011-ci ildən “Stroystandart” şirkətinə məxsusdur. Restoranı idarə edən “Garant” firması həmin obyektin kirayəçisidir. “Garant”ın sahibi Georgi Tsaryuk atası vasitəsilə “Stroystandart”la bağlıdır. “Stroystandart” isə dolayı yolla Qış Olimpiya İdman Növlərinin Dəstəklənməsi Fonduna məxsusdur ki, bu fond Medvedevlə əlaqələndirilir. 2024-cü ilin sonuna “Stroystandart”ın fonda 2 milyard rubl (24,5 mln dollar) borcu olub. Restoranın tərəfdaşları isə Moskva yaxınlığındakı “Maslovo” kompleksi və “Skalistıy Bereg” şərab zavodudur ki, onlar da Medvedevlə əlaqələndirilir.

Sankt-Peterburqda Medvedevlə bağlı restoran daha bir Belinskoqo küçəsində, Mixaylovski sarayının yaxınlığında yerləşir. Bu, 2024-cü ildə açılmış yunan taverna “Poli”dir (“çox” mənasını verir), Dreamteam restoran qrupunun həmin ünvanda üçüncü obyektidir.
“Poli” taverna şirkəti “Market” MMC-yə məxsusdur, bu şirkətin 75%-i “Dreamteam”-in həmtəsisçisi Aleksey Burova aiddir. 2024-cü ilin mayında “Market”in 25%-ni Medvedevlə əlaqəli “Arktik Invest” investisiya fondu əldə edib. Sonradan fond restorana 33 milyon rubl (411 500 dollar) kredit ayırıb və 2025-ci ilin iyununda öz payını “Inter” şirkətinə ötürüb ki, onun da Medvedevlə əlaqəsi qeyd olunur.
“AzPolitika.info”