Medvedevdən SƏRT TƏLƏB: Bu şəxslər dərhal Rusiyadan çıxarılmalıdır

Medvedevdən SƏRT TƏLƏB: Bu şəxslər dərhal Rusiyadan çıxarılmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhlükəli infeksiyalara yoluxmuş və ya narkotik istifadə edən miqrantları dərhal Rusiyadan çıxarmaq lazımdır. Bu, miqrasiya sahəsində ən aktual problemlərdən biridir. 

Tribunainfo.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

“Biz təcili diqqət və həll yolları tələb edən problemlərdən danışacağıq. Onlardan biri təhlükəli xəstəliklər aşkarlanan əcnəbilərlə, habelə narkotik və ya psixotrop maddələrdən istifadə edənlərlə bağlı vəziyyətdir. Ümumiyyətlə, burada yanaşma çox sadə olmalıdır – onlar dərhal xaric edilməlidir”, – deyə Medvedev “VKontakte” səhifəsində yayımlanan iclasda bildirib.

Təhlükəsizlik Şurası sədrinin müavini qeyd edib ki, belə bir tədbir olmadan Rusiya vətəndaşlarının epidemioloji təhlükəsizliyini təmin etmək və narkomaniya, cinayətkarlıq kimi təhlükəli tendensiyalarla mübarizə aparmaq mümkün deyil.

Medvedev həmçinin narkotik istifadə edən miqrantların və sosial baxımdan təhlükəli xəstəliklərə yoluxmuş əcnəbilərin Rusiyada leqallaşması və vətəndaşlıq almasını qeyri-mümkün edəcək mexanizmin hazırlanmasını tapşırıb.

“Qanunla nəzərdə tutulan prosedurlar əksər hallarda çox uzanır. Deportasiya qərarları gec verilir və həmişə icra olunmur”, – deyə o bildirib.

“Sərhəd nəzarətindən yayınıb ölkədə qalmağa davam edən şəxslər az deyil. Hətta belə problemləri olan bəzi əcnəbilər leqallaşıb və Rusiya vətəndaşlığı əldə ediblər. Bu, həqiqətən də qəbuledilməzdir! Biz elə bir mexanizm hazırlamalıyıq ki, bu cür xəstəliklərə yoluxmuş və ya narkotik asılılığı olan əcnəbilər mümkün qədər tez ölkədən çıxarılsın və onların Rusiyada qalaraq leqallaşmasının qarşısı alınsın”, – deyə Medvedev vurğulayıb.

Medvedev xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin bu sistemli problemlərin həlli üçün 1 fevral tarixinədək sərt müddətlər müəyyən edib.