Medinanın edə bilmədiyini, rəqib etdi – “Qarabağ”ın problemləribackend

Medinanın edə bilmədiyini, rəqib etdi – “Qarabağ”ın problemləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropada növbəti oyununa çıxan “Qarabağ” artıq ardıcıl 4-cü məğlubiyyətini aldı. Komandanın fiziki durumu heç də yaxşı görünmür. “Qarabağ”ın oyunçuları həddindən artıq top itirirdi. Daha bir məqam isə komandanın sanki qələbə istəyi, qələbə əzmi yox idi. Düzdür bəlkə də, bu belə deyil, amma kənardan baxanda komanda istəksiz, psixoloji cəhətdən sarsılmış görünürdü. “Qarabağ”ın zəif təsir bağışlamağı təkcə Avropa Liqasında deyil, yerli çempionatımızda da gözə çarpır. Son Azərbaycan Premyer Liqası oyununda da, “Qarabağ” rəqibinə nəzərən zəif təsir bağışlamışdı. “Qarabağ”ın “Sabah”a qalib gəlməsində əsas səbəb oyunçuların fərdi ustalıq səviyyəsi oldu.

Dünənki oyunda daha bir məqam isə Medinanın çıxışı idi. Hətta deyə bilərəm ki, “Malmö” ilə oyunda Medina “Qarabağ” adına ən zəif çıxış edən oyunçulardan biri idi.

Andradenin mərkəzdə topu itirməsindən sonra, rəqib “Qarabağ”ın qapısı qarşısında təhlükəli vəziyyət yaratdı. Rəqibin 9 nömrəsi İsak topla hücum edərkən Medina ona qarşı pressinq tətbiq etdi. Məqsəd İsakı qapıdan kənara yönəltmək idi. Daha sonra İsak pası verib boş zonaya açılandan sonra Medina boş zonaya açılan rəqibə tərəf yönəlmək əvəzinə Bəhlula daha yaxın olan oyunçuya qarşı yönəldi. Nəticədə top boş zonada qalmış İsaka gəldi və rəqib zərbəni endirə bildi. Buntiçin inamlı çıxışı nəticəsində epizod qolla tamamlanmadı. Medinanın bəxti gətirdi ki, o epizod qol olmadı. Əgər qol olsa idi Medinanın səhvindən daha bir qol olacaqdı. (Şəkil 1)

 

Medinanın digər səhvlərindən biri isə “Malmö”nün 2-ci qolunda ofsayd xəttini pozması idi. Medina top istiqamətinə baxırdı və görünən o idiki çevrə yoxlaması etmək yadından çıxmışdı. Amma rəqib müdafiəçilər bu işin öhdəsindən yaxşı gələ bildi. Juninyonun vurduğu 2-ci qolda rəqib Juninyonu ofsaydda saxlaya bildi və nəticədə qol qeydə alınmadı. Bir sözlə desək Medinanın rəqibə qarşı edə bilmədiyini, rəqib Juninyoya qarşı etdi. (Şəkil 2)

Daha bir məqam odur ki, komandanın müdafiə və hücumda problemləri var. Amma düşünürəm ki, müdafiədəki problemlər daha gözə çarpandır. Çünki komanda bu mövsüm Avropada oynadığı 8 oyunun 6-sında qapısında ən azı 2 qol görüb. Cəmi 2 görüşdə qol buraxmayıb. Bu oyunlar “Linkoln”la evdə və səfərdə oynanan oyunlardır. Həmçinin komandanın bu problemi yerli liqamızda da görünür. Ümumi götürsək komanda bu mövsüm çıxdığı 15 görüşün cəmi 4-də qapısını toxunulmaz saxlaya bilib. Bu oyunlar “Linkoln”, “Kəpəz” və “Neftçi” ilə oyunlardır.

Nihat Kərimli

Tribunainfo.az