Prezident İlham Əliyev bir qayda olaraq cəmiyyətdə baş verən hadisələr haqqında əsas informasiya qaynaqlarından biri kimi medianın rolunu daim yüksək qiymətləndirib və onun ictimai nəzarət funksiyasına böyük önəm verdiyini həmişə vurğulayıb. Medianın ictimai maraqlardan irəli gələn obyektiv və qərəzsiz məlumat hazırlamaq funksiyasını layiqincə yerinə yetirməsi üçün ölkəmizdə həm ictimai-siyasi, həm də hüquqi zəmində hər cür şərait yaradılıb.
Tribunainfo.az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov mayın 3-də keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda forumda çıxışı zamanı deyib.
O vurğulayıb ki, bu gün keçirilən forum vasitəsilə Azərbaycan mediasının müasir tələblərindən və inkişaf tempindən irəli gələn tendensiyalar, habelə cəmiyyətin mediadan gözləntiləri baxımından yeni bir təcrübənin əsası qoyulur. “İctimai proseslər media müstəvisində” mövzusuna həsr edilən forum həm dövlət-media dialoqunun səmərəli təşkilinə, həm də medianın cəmiyyəti ictimai əhəmiyyətli informasiya ilə təmin etmə funksiyasının daha effektiv səviyyəyə yüksəldilməsinə hesablanıb.
“Praktik əhəmiyyət daşıyan dövlət-media dialoqunun yaradılması, eyni zamanda, cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb. İctimai rəydə dezinformasiya vakumunun yaranmaması, ölkəmizin informasiya mühitinin çirkləndirilməsinin qarşısının alınması baxımından dövlət-media dialoqunun peşəkar prinsiplər əsasında və davamlı olaraq təmin edilməsi müstəsna xarakter daşıyır”, – deyə Ə.İsmayılov qeyd edib.
Qeyd edək ki, Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda Forum keçirilir. Tədbir çərçivəsində “Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə”, “Sosial məsələlərin, həmçinin məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada düzgün işıqlandırılması”, “Mediada kiberbullinqə qarşı effektiv mübarizə və kiber maarifləndirmə” və “Yaşıl dünya naminə həmrəylik ili”ndə media gündəmi” mövzularında panel sessiyalar təşkil olunacaq.