Media kapitanları və tanınmışlardan Tribuna-ya təbriklər gəldibackend

Media kapitanları və tanınmışlardan Tribuna-ya təbriklər gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün – oktyabrın 3-də Tribunainfo.az saytının yubileyidir. Xəbər portalının 15 ili tamam olur. Uzun illər ərzində sayt öz fəaliyyətində uğurlu bir yol keçərək, ölkənin ən tanınmış informasiya məkanlarından birinə çevrilib.
Bu münasibətlə Tribunainfo.az-a təbriklər gəlməkdədir. Ürək sözlərini bizimlə bölüşən Demokrat.az saytının baş redaktoru Vasif Həsənli sayta, onun kollektivinə uzunömürlü fəaliyyət və işlərində uğurlar arzuladı: “Tribuna İA Azərbaycanın internet mediasının ilk nümunələrinsən biridir. Başda Əlişir Əhəd olmaqla kollektivini təbrik edirəm. Uğurlarınız davamlı olsun”.


Post TV-nin direktoru Samir Feyruzov Tribunainfo.az-ın onlayn medianın ilk qaranquşlarından olduğunu bildirdi: “Tribuna” yaranan zaman cəmiyyətin onlayn media haqqında təsəvvürü çox aşağı idi. Artıq bu gün insanlarımız bütün məlumatları onlayn və sosial mediadan alırlar. “Tribuna” bu günə qədər çətin yol keçib, sınaqlarla üzləşib, amma sabit mövqeyindən geri çəkilməyib. “Tribuna” İA-nin yaranmasından 15 il keçir, kifayət qədər ciddi yaş ölçüsüdür. Bu gün on minlərlə insan bu agentlik vasitəsilə məlumat alır, xəbərlə qidalanır. Agentliyin sosial media hesabları yüz minlərlə insanın xəbər zövqünü oxşayır.

Əlişir Əhəd peşəkar media nümayəndəsidir, tarixçəsi, xidmətləri olan jurnalistdir. O və rəhbərlik etdiyi media orqanı ölkənin media palitrasında önəmli və spesifik yer tutur. Arzu edirəm ki, “Tribuna” bundan sonra da öz möhkəm və sistemli mövqeyini qoruyub saxlaya bilsin”.
Editor.az-ın baş redaktoru Fərid Şahbazlı isə bildirdi ki, Tribunainfo.az-ın və onun bütün kollektivini təbrik edir: “Ümumiyyətlə gərgin rəqabət şəraitində, indiki şərtlər altında uzun müddət, 15 il fəaliyyət göstərmək hər bir media subyekti üçün mümkün olan bir imkan deyil.

Bu onu göstərir ki, Tribuna media bazarında və oxucular arasında özünə yer tapa bilib. O baxımdan hesab edirəm ki, Tribuna-nın internet media məkanında özünəməxsus yeri və mövqeyi var. Bol-bol uğurlar arzu edirəm”.


Müstəqil jurnalist, araşdırmaçı Azər Niftiyev qeyd etdi ki, Tribuna Azərbaycanın ilk onlayn media resurslarından biridir: “Təsadüfi deyil ki, bu 15 il ərzində böyük və gərgin rəqabətə rəğmən Tribuna nəinki öz mövqeyini media bazarında qoruya bildi, həmçinin, fəaliyyətində yeni mərhələnin əsasını yaratdı. Bu gün öz xətti, spesifik yanaşması, oxucuları eləcə də xəbər tipi ilə Tribuna sözün əsl mənasında fərqlənməyi bacarır. Adına, sloqanına sadiq informasiya resursudur. Bu resursdan hər kəs yararlana bilir. Tribuna müstəqil informasiya resursudur. Mənim üçün Tribuna doğma internet resurslarından biridir. Çünki bu portalın yaranması, inkişafı, tərəqqisi gözümün qarşısında baş verib. Bütün kollektivi, başda dəyərli həmkarımız və dostumuz Əlişir Əhəd olmaqla təbrik edirəm, fəaliyyətində uğurlar arzu edirəm. 15 il mövcud Azərbaycan reallığında böyük rəqəmdir. Bu onu göstərir ki, Tribuna etibarlı, dayanıqlı oxucu formalaşdırmağa müvəffəq olub. Bütün çətinliklərə rəğmən ayaqda qalmağı bacarıb”.


“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər vurğuladı ki, dostu Əlişir Əhədi “ilk övladı”nın 15 yaşı münasibəti ilə təbrik edir: “Tribunainfo.az Azərbaycanın onlayn media quruluşlarının qaranquşlarındandır. Çapdan rəqəmsala ilk keçid edən media quruluşlarındandır. Bu illər ərzində Əlişir Əhədin hansı fədakarlıqlarla bu saytı ayaqda tutduğunun şahidiyəm. O baxımdan 15 yaşlı bu media qurumunun dəyəri mənim üçün ayrıdır. Təbrik edir və daha çox yubiley yaşlarını qeyd etməyi arzulayıram. İnanıram ki, bu sayt hər zaman doğrunun, haqlının tribunası olaraq öz missiyasını davam etdirəcəkdir”.

“Azxeber.com” informasiya portalının baş redaktoru Hacıbəy Heydərli də bildirdi ki, sayt yarandığı gündən Azərbaycan media sahəsində öz dəsti-xətti olan xəbər carçılarından biri olub: “15 il ərzində peşəkar fəaliyyətlə həyatda qalıb. Eyni zamanda Azərbaycanın ictimai-siyasi həyatında təsir gücünə malik olan vəsaitlərdən biridir. Saytın fəaliyyət dövrünə nəzər yetirdikdə hər zaman peşəkarlıq, obyektivlik meyarlarına üstünlük verildiyinin şahidi olmuşuq. Bu münasibətlə kollektivi və saytın rəhbəri, peşəkar jurnalist Əlişir Əhədi təbrik edirəm. Bundan sonrakı fəaliyyətinizdə də sizə uğurlar arzulayıram. Düşünürəm ki, “Tribuna” bundan sonra da öz çəkisini qoruyub saxlaya biləcək. Eyni zamanda, peşəkar fəaliyyəti ilə yeni yaranan xəbər saytlarına da nümunə olacaq”.


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İnformasiya Təminatı və Sənədlərlə İş şöbəsinin müdiri Yadigar Məmmədli bildirdi ki, 15 yaş sıradan bir rəqəm deyil: “Nəzərə alsaq ki, Azərbaycan çağdaş media tarixində bu portalların yaşı elə 15-dən o tərəfə keçmir. Tribuna ilk yaranan saytlardandır. O baxımdan təbrik edirəm ki, bu gün bu müddət ərzində öz xəttini saxlayaraq yoluna davam edə bilib. Ən əsası çoxlu onlayn media dönəmində özünü qoruya, oxucularını saxlaya bilib. Bu çox ciddi bir fəaliyyətdir. Ona görə mən Əlişir Əhədi və onun rəhbərliyi altında “Tribuna”nın bütün əməkdaşlarını təbrik edirəm. Sizə daha yeni, böyük rəqəmli yubileylər keçirməyi arzu edirəm”.

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev qeyd etdi ki, bu gün Azərbaycanın media məkanında xüsusi yeri olan “Tribuna” İnformasiya Agentliyinin – Tribunainfo. az-ın 15 yaşı oldu:
“Azərbaycanın media bazarı barədə məlumatlı olanlar yaxşı bilirlər ki, burada hər hansı bir subyekti yaşatmaq elə də asan iş deyil. Hətta mən deyərdim ki, fədakarlıqdır. Saytın yaradıcısı Əlişir Əhəd və komandası da bu fədakarlığı etməyi bacarıblar. Onları bu münasibətlə də təbrik edirəm! Kiçik komanda ilə çətin şərtlər altında bunu bacarmaq qəhrəmanlqdır.
Bu gözəl gün münasibətilə Əlişir başda olmaqla sayta bağlı olan bütün həmkarları təbrik edirəm!
Yazın, yaradın, saytı yaşadın!”


Pravda.az saytının baş redaktoru, jurnalist İlkin Pirəli bildirib ki, “Tribuna” 15 ildir, adının mənasına uyğun hərəkət edir:
“Oxucu da bunu görür, duyur və etimad göstərir. 15 il az müddət deyil, bu zaman kəsiyində xeyli sayt yaranıb, inkişaf edib, sonra tənəzzül edərək meydandan çıxıb. Amma “Tribuna” isə bu işi dəqiqliklə həyata keçirib, ayaqda qalmağı bacarıb, hətta inkişaf etməkdə davam edir, izlənilən azsaylı saytlardan biridir. Ölkədə həyata keçirilən media islahatları “Tribuna” kimi sağlam rəqabət üzərində fəaliyyət göstərən saytların fəaliyyətinə təkan verib. Təbii ki, qeyd etdiklərimdə baş redaktor Əlişir Əhədin rolu xüsusidir. Hansı çətinliklərdən keçdiyini görmüşük, amma usanmayıb, “yola davam” deyib. İş varsa, nəticə mütləq olacaq və artıq var. Yubiley münasibətilə başda Əlişir Əhəd olmaqla, “Tribuna” ailəsini səmimi qəlbdən təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram. Hər zaman xalqın tribunası olaraq qalın.
Hüquq müdafiəçisi Fuad Əliyev də saytı yubileyi münasibəti ilə təbrik edənlər sırasındadır. Onun sözlərinə görə, “Tribuna” hər zaman obyektivliyi və operativliyi ilə fərqlənib. Bundan başqa, onun həmkarı Xəzər Teyyublu sayta uğurlar arzuladı və daha geniş platformalarda görünməyi dilədi. Eyni zamanda, siyasi ekspertlərdən Ramiyə Məmmədova, hərbi analitik Ramil Məmmədli, professor Qabil Hüseynli və başqa tanınmışlar da təbriklərə qoşuldular.

Dəniz Pənahova