Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən elan olunan fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən elan olunan fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, KİV rəhbərləri, dövlət qurumlarının nümayəndələri, millət vəkilləri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən Ə.Həsənov deyib ki, Azərbaycanda ümummilli lider hakimiyyətə qayıdandan sonra media Azərbaycan cəmiyyətinin ən nüfuzlu institutlarından biri səviyyəsinə qaldırıldı və mediaya bu cür münasibət sərgiləndi:
“Media cəmiyyətin formalaşmasında, inkişafında mühüm rol oynayır. Ona görə də ulu öndər Heydər Əliyev medianı Azərbaycan cəmiyyətinin əsas ictimai institutlarından biri kimi görürdü. Məhz buna görə də ümummilli lider media üzərində bütün ictimai tənzimləmə mexanizmlərini ləğv etdi və jurnalistlər Mətbuat Şurasını yaratdılar. Bu gün biz Azərbaycan dövləti olaraq medianın rolunu və yerini onların özlərinin gördüyü kimi görürük. Cənab Prezident İlham Əliyev Azərbaycanı azad mediasız təsəvvür etmədiyini bildirib”.
Tədbirdə çıxış edən V.Səfərli bildirib ki, KİVDF 7 ildən artıqdır belə müsabiqələr keçirir. Fond ildə üç dəfə müsabiqə keçirir, lakin icra hakimiyyətləri və müxtəlif dövlət qurumları ilə birgə bu il 10-a qədər müsabiqə keçirib.
Onun sözlərinə görə, ümumilikdə 10 müsabiqədə 600-ə yaxın jurnalist iştirak edib və 400-ə yaxın jurnalist mükafatlandırılıb: “Bundan əlavə, KİV nümayəndələrinin xarici ölkələrə səfərləri təşkil olunub”.
V.Səfərli əlavə edib ki, bu gün mükafatlandırma mərasimi keçirilən müsabiqəyə 160 yazı daxil olub: “Müsabiqədə 19 istiqamət müəyyən edilib və hər istiqamət üzrə 6 qalib nəzərdə tutulub. Bu cür müsabiqələr davam etdiriləcək”.
Ə.Amaşov isə çıxışında qlobal dünyada baş verən hadisələrə, böyük dövlətlərin kiçik dövlətlərə münasibətlərinə toxunub: “Cənab Prezident İlham Əliyevin müasir düşüncələri, analitik keyfiyyətləri, müasir prinsiplərə əsaslanması bizdə bir əminlik yaradır ki, Azərbaycan bu qarışıq dünyada problemlərlə uğurla mübarizə aparacaq. Bizim prezident vətənpərvərdir, qətiyyətli, qorxmaz və prinsipaldır. Bu gün Azərbaycan mətbuatı güclü bir institutdur. Azərbaycan jurnalistləri bugünkü qədər güclü olmayıb. Azərbaycan Prezidenti İlham Əliyev həmişə medianı diqqətdə saxlayıb. Azərbaycan jurnalistləri adından cənab Prezidenti ad günü münasibətilə təbrik edirik”.
Daha sonra qaliblərə mükafatlar təqdim edilib və tədbir bədii hissə ilə davam etdirilib.