Bu gün Azərbaycanın təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramıdır.
Bu gün Azərbaycanın təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramıdır.
Bu münasibətlə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti və təhlükəsizlik orqanlarının veteranları Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.
DTX-dən TİA.AZ-a verilən məlumata görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstəsi düzülüb.
Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad edilmiş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Təntənəli mərasim DTX-nin akt zalında davam etdirilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı general-leytenant Mədət Quliyev çıxış edərək bütün şəxsi heyəti və təhlükəsizlik orqanlarının veteranlarını peşə bayramı münasibətilə təbrik edib. O, Ümummilli Lider Heydər Əliyevin hələ sovetlər dövründə Azərbaycanın gələcək müstəqilliyini düşünərək respublika həyatının bütün sahələrində misilsiz işlər gördüyünü qeyd edib, bugünki güclü Azərbaycanın təməlinin məhz Ulu Öndərin dövlət təhlükəsizlik orqanlarına və davamlı olaraq ölkəyə rəhbərlik etdiyi vaxtlardan qoyulduğunu bildirib: “Dahi şəxsiyyət Heydər Əliyev, müstəqil Azərbaycanın hüquq mühafizə, o cümlədən təhlükəsizlik orqanlarının fəaliyyətinin də müasir dövrün tələblərinə uyğun formalaşmasında və inkişafında böyük işlər görüb”.
Hazırda Azərbaycanın təhlükəsizlik orqanlarının öz inkişafında yeni mərhələyə qədəm qoyduğunu deyən general-leytenant Mədət Quliyev, Ulu Öndərin layiqli davamçısı İlham Əliyevin müdrik rəhbərliyi ilə dövlət müstəqillik, sabitlik və tərəqqi siyasətinin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasının DTX-nin əsas vəzifəsi olduğunu qeyd edib: “Bu baxımdan, günün tələbləri nəzərə alınaraq, xidmətdə aparılan geniş islahatlar fəaliyyətin daha səmərəli, məqsədyönlü və çevik təşkilinə təkan verib”.