Hesablama Palatasının Kollegiya iclasında mövcud qanunvericiliyin tələbinə uyğun olaraq 2014-2015-ci illər və 2016-cı ilin 6 ayı ərzində dövlət büdcəsindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi (Nazirlik) və tabeli qurumlara ayrılmış vəsaitlərin istifadəsinə dair auditin nəticələri haqqında hesabat müvafiq qaydada təsdiq olunub.
Hesablama Palatasının Kollegiya iclasında mövcud qanunvericiliyin tələbinə uyğun olaraq 2014-2015-ci illər və 2016-cı ilin 6 ayı ərzində dövlət büdcəsindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi (Nazirlik) və tabeli qurumlara ayrılmış vəsaitlərin istifadəsinə dair auditin nəticələri haqqında hesabat müvafiq qaydada təsdiq olunub.
Audit tədbiri Mədəniyyət və Turizm Nazirliyi, 3 film studiyası, C.Cabbarlı adına Azərbaycanfilm Kinostudiyası və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində həyata keçirilib və 305 milyon 650,8 min manat məbləğində vəsaiti əhatə edib.
Sənəddə qeyd edilib ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən büdcə vəsaitlərinə olan tələbat barədə proqnoz layihələri hazırlanarkən nazirliyin və onun tabeliyində olan müəssisələrin maliyyə təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməyib.
Nazirliyin tabeliyində olan bəzi qurumlara məxsus əmlakın icarəyə verilməsindən əldə olunan gəlirin dövlət büdcəsinə köçürülməsi qismən təmin edilməyib. “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nda xaricdə kino sahəsində təhsil ilə əlaqədar təhsil haqqının ödənilməsi nəzərdə tutulmadığı halda təhsil haqqı ödənilib. Nazirliyin tabeliyində olan təsərrüfat hesablı kino müəssisələrinə müxtəlif xidmətlərin göstərilməsinə görə ödənilmiş vəsaitin istifadəsi bəzi hallarda qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməyib, qonorar məbləğindən sosial sığorta haqqı və gəlir vergisi hesablanılmayıb. Filmlərin istehsalı üzrə yaranmış qənaət məbləği smetada nəzərdə tutulmayan xərclərə yönəldilib.
Müəyyən edilib ki, respublikada keçirilmiş bəzi tədbirlər üzrə müvafiq məlumatlar barədə təsdiqedici sənədlər mühasibatlığa tam təqdim edilməyib. Yalnız icraçı müəssisələr tərəfindən ümumi şəkildə təqdim edilmiş təhvil-təslim aktlarına əsasən vəsaitlər ödənilib. Bəzi hallarda bağlanılmış müqavilələrin, qəbul edilmiş qaimə-fakturaların tarixləri ilə iş və xidmətlərin yerinə-yetirilməsinə dair tərtib olunmuş aktların tarixləri arasında uyğunsuzluqlar olub. Keçirilən müsabiqələrdə qaliblərə müəyyən edilmiş mükafatların və rezident şəxslərə verilən qonorarların ödənişi müvafiq qanunvericiliyə uyğun aparılmayıb. Ziyafət xərclərinin ödənişi zamanı müəyyən edilmiş normalara riayət edilməməsi səbəbindən artıq xərcə yol verilib. Beynəlxalq turizm sərgilərində istifadə edilən avadanlıqlar müvafiq hesaba mədaxil olunmadan birbaşa xərcə silinib. Turizmin təbliği ilə əlaqədar nazirlik tərəfindən alınmış çap məhsulları əsasən eyni müəssisələr tərəfindən hər il təkrar nəşr edilib və əksər hallarda nəşr olunmuş çap məhsullarının tirajı, formatı, həcmi və nəşr edildiyi tarix göstərilməyib.
Hesablama Palatasının Kollegiyası Mədəniyyət və Turizm Nazirliyitərəfindən yol verilmiş nöqsanların əksər hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib. Auditlə müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinə kollegiya qərarının surətinin göndərilməsi qərara alınıb. Auditin nəticələri barədə Milli Məclisə məlumat təqdim edilib.