Hazırda “Əl-Hilal”ın formasını geyinən məşhur futbolçu Neymar PSJ-də bir yerdə oynadığı Mbappe ilə fikir ayrılığı yaşadığını etiraf edib.
Tribunainfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, sabiq komanda yoldaşı barəsində bu sözləri deyib: “İlk zamanlar münasibətimiz yaxşı deyildi, hətta mübahisə etmişdik. Sonra daha yaxın olduq, münasibətlər normallaşdı. Lakin Lionel Messinin gəlişindən sonra vəziyyət dəyişdi. Çünki Kilian Leonu qısqanmağa başladı. Buna görə də yenidən aramızda mübahisələr başladı”.
Neymar həmçinin, 2017-ci ildə Kataloniya klubundan ayrılmasından da danışıb: “Bu, şəxsi bir şeydir. Açığı, maliyyə baxımından PSJ-nin təklifi “Barselona”dakı qazancımdan daha yaxşı idi. PSJ-də braziliyalılar var idi, onlarla oynamaq istəyirdim. Tiaqo Silva, Dani Alveş, Markinyos, Lukas Moura PSJ-də çıxış edirdi. Onların hamısı mənim dostlarım idi”.
Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə “Barselona”nın formasını geyinib. Bu müddət ərzində o, bütün turnirlərdə 186 matça çıxıb, 105 qol vurub və 76 qolun ötürməsini verib.