Maşının “AA” seriyasından istifadə edərək məhəllədə “at oynadır” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Partiya sədrinin müavini: “Elnur adlı sürücü binanın həyətində yolkəsənlik, ozbaşınalıq və qudurğanlıqla məşğuldur”
 Partiya sədrinin müavini: “Elnur adlı sürücü binanın həyətində yolkəsənlik, ozbaşınalıq və qudurğanlıqla məşğuldur”

Azərbaycan Demokrat Partiyasının sədr müavini Taliyət Əliyev sosial şəbəkələrdə bir sürücünün etdiyi kobud hərəkətlərlər bağlı məlumat yayıb. Avtosfer.az xəbər verir ki, T.Əliyev Binəqədi rayonu, Mir-Cəlal küçəsindəki 47-ci binada yaşadığını, şəkildə görünən 50-AA-829 dövlət nişanı olan “Hyundai-Accent” markalı maşının Elnur adlı sahibinin onları bezdirdiyini qeyd edib: “Bu adam idarə etdiyi maşının “AA” seriyasından sui-istifadə edərək həmin məhəllədə özbaşınalıqla məşğuldur. Onun maşın saxladığı yerdə kimsə maşın saxlaya bilməz, saxlayarsa həmin maşının arxasında maşınını saxlayıb saymazyana şəkildə gedir, maşın sahibi də gəlib harasa getmək istəyəndə çıxa bilmir və nəticədə xoşagəlməz mənzərə müşahidə olunur. Təsəvvür edin, səhər işə getmək istəyirsən və ya harasa tələsik getmək istəyirsən, görürsən ki, maşının çıxmağa yeri yoxdur. Belə bir hərəkət ən azı mədəniyyətsizlikdir. Baxmayaraq ki, həmin ərazidə hamı pul verib maşın saxlayır.

 Adi etik qaydalara riayət etməyən və mədəniyyətdən uzaq olan birisi ilə üz-üzə gəlməməkdən ötəri onun saxladığı yerdə maşın saxlamırdım. Lakin 10 gün bundan öncə gecə saatlarında məhəlləyə gəldim, maşın saxlamağa demək olar ki, yer yox idi. Dayanacağa yeni təyin olunmuş nəzarətçi Elnur adlı şəxsin maşın saxladığı yerin boş olduğunu göstərərək orada saxlamağımı məsləhət bildi. Orada məlum səbəbdən maşın saxlamaq istəmədiyimi bildirsəm də “bəlkə o heç gəlmədi, o yer boş qalası deyil ki,” deyərək orda saxlamağımı istədi. Zatən başqa yer də yox idi. Ona görə də saxladım. Səhər saat 07.30-da uşaqları məktəbə aparmaq istərkən 50-AA-829 dövlət nişanı olan “Hyundai-Accent” markalı maşının mənim maşınımın arxasında saxladığını və mənim oradan çıxmağıma heç bir məsafə qoymadığını gördüm. Nəzarətçiyə desəm də, o da həmin adamı tapıb gətirə bilmədi. Beləliklə, uşaqları piyada məktəbə aparası oldum. Amma bu qudurğanlıq məni çox heyrətləndirdi və bunu sona qədər təqib etməyi qərara aldım. Bu hadisədən bir neçə gün sonra axşam saatlarında məhəlləyə gələndə həmin yerin boş olduğunu görərək maşını park etdim ki, görək necə olacaq. Nəzarətçiyə də xəbərdarlıq etdim ki, maşının arxasında həmin adam maşın saxlamaq istəsə elə saxlasın ki, mən səhər tezdən çıxa bilim. Dedi ki, narahat olma. Səhərisi yenə eyni mənzərə – mənim çıxmağıma ara məsafəsi saxlamayıb. Qonşuların kömkliyi ilə zorən oradan çıxıb uşaqları məktəbə çatdırdım. 

Dünən həmin şəxsi məhəllədə gördüm, niyə belə hərəkət etdiyini soruşdum, mənə əlaqə nömrəsini verdi, dedi ki, vaxtım yoxdur, sonra zəng edərsən söhbət edərik. Dedim yaxşı. Dünən axşam saat 22 radələrində məhəlləyə gəldim, həmin yer boş olduğu üçün yenə maşını orada saxladım. Bu gün səhər uşaqları dərsə aparmaq istəyəndə gördüm ki, yenə “AA” seriyalı maşın mənim maşınımın arxasında bu dəfə elə çarpaz şəkildə saxlanılıb ki, ümumiyyətlə, ordan çıxa bilməyim. Həmin adamın telefon nömrəsinə zəng etdim, telefonunu da qəsdən söndürmüşdü. Elə bu vaxt həyətə bir yaşlı qadın düşdü, soruşdum ki, bu avtomobilin sürücüsünün evini tanımırsız.? Dedi ki, onun sahibi mənim oğlumdur. Dedim, ay xanım, oğlunuz niyə belə edir, deyin gəlsin, yol versin uşaqları məktəbə aparım, ordan da işimin dalıyca getməliyəm. Dedi ki, o yatıb, oyada bilmərəm. 

Dedim axı bu hərəkət nə əxlaqa, nə qanuna, nə də müsəlmançılığa sığan hərəkət deyil. Sizin oğlunuz “reket”dir yolu kəsir? Dedi ki, get kimə deyirsən de, onun yerində burada heç kim maşın saxlaya bilməz, saxlasa sənin vəziyyətinə düşəcək. Anladım ki, bunlarla ancaq qanunun dili ilə danışmaq lazımdır. Ona görə də üzləşdiyim özbaşınalıqla bağlı DİN-nin 102 xidmətinə məlumat verdim. Onlar qeydə aldılar və bir neçə dəqiqədən sonra mənə zəng edərək Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə çağırdılar. Orada da üzləşdiyim özbaşınalıqla bağlı rəsmi ərizə yazdım. İndi gözləyirəm görək bu qudurğanlığın qarşısı nə vaxt alınacaq. Bölmədə bu şəxsin idarə etdiyi avtomobilin hansı dövlət orqanına məxsus olmasını müəyyənləşdirmək və ora da şikayət yazılmasını məsləhət gördülər. Bu avtomobilin hansı dövlət orqanına məxsus olmasını bilmədiyimdən üzləşdiyim bu problemi burda işıqlandırmaqla aidiyyatı dövlət qurumlarının diqqətinə çatdırmaq istədim. Cənablar, 50-AA-829 dövlət nişanı olan “Hyundai-Accent” markalı avtomobilin sahibi “AA” seriyasından sui-istifadə edərək yaşadığı Binəqədi rayonu, Mir-Cəlal küçəsi 47-ci binanın həyətində yolkəsənliklə, ozbaşınalıqla və qudurğanlıqla məşğuldur. Sizdən xahiş edirəm, bu qudurğanlığı durdurun!”.