Maşın almaq istəyənlər üçün vacib xəbər – Qanun dəyişdi

Maşın almaq istəyənlər üçün vacib xəbər – Qanun dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən həftə Milli Məclisdə nəqliyyat vasitələri ilə bağlı nəzərdə tutulan bir sıra cərimələrin məbləği artırıldı. Artımlar əsasən, dayanma-durma, parklanma, işıqforda hərəkət və səkilərlə bağlı cərimələrlə bağlı oldu. 

Cərimələrin artırılması sosial şəbəkələrdə müzakirəsiz ötüşmədi. Əksər sürücülər mövcud artıma kəskin etiraz edərək, cərimələrin onsuz da çox olduğunu və bu artımın vəziyyəti daha da ağırlaşdıracağını bildirdi. Xüsusən avtomobillərin intensiv şəkildə hərəkət etdiyi paytaxt yollarında qayda pozuntusundan yayınmaq demək olar ki, mümkün deyil. Bəziləri cərimələrdəki artımın avtomobil bazarında da təsirsiz ötüşməyəcəyini deyir. Yüksək məbləğli cərimələrin fonunda, bəzi vətəndaşların avtomobil almaq fikrindən daşınacağı iddia edilir.

Görəsən, bu ehtimal nə dərəcədə doğrudur? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, sürücülər arasında nəqliyyat qaydalarının pozulması elə də geniş hal yayılmayıb:

“Nəqliyyat vasitələri ilə bağlı cərimələrin artırılması əslində əksər sürücülərə aid deyil. Qaydaların pozulması, sənədsiz avtomobil idarəetmə, dayanma-durma qaydaları kimi pozuntular elə də kütləvi hal təşkil etmir. Ona görə bu barədə narahatlığa səbəb görmürəm. Cərimələrin məbləğinin artırılması nəqliyyat vasitələrinin qiymətinə və alıcı kütləsinə elə də güclü təsir etməyəcək. Bu baxımdan alıcılar cərimələr səbəbindən nəqliyyat vasitəsi almaqdan yayınmayacaq”.

Ekspertin fikrincə, avtomobil bazarındakı köklü dəyişiklik kütləvi utilizasiya zamanı olacaq:

“Hal-hazırda maşın bazarında kifayət qədər alıcı və satıcı kütləsi var. İndi qarşıda bizi kütləvi utilizasiya prosesi gözləyir. Artıq onda bu barədə dəqiq nəsə demək olar. Həmin vaxt avtomobil bazarında radikal dəyişiklik ola bilər. Lakin cərimələrin artırılmasının bu istiqamətdə alış-satış tendensiyasına çox da təsir edəcəyini düşünmürəm”.