Masazırda ərindən ayrılan qadını sevgilisi döydü — TƏFƏRRÜATbackend

Masazırda ərindən ayrılan qadını sevgilisi döydü — TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonunda 1992-ci il təvəllüdlü Lətif ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı sevgi münasibətində olduğu Sevilə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin aprelin 5-də rayonun Masazır qəsəbəsində baş verib. Lətif həmin gün gecə saat 23 radələrində qeyri-rəsmi ər arvad münasibətində olmaqla son zamanlar münasibətinin pozulduğu Sevil ilə birgə yaşadığı evinə gəlib.

Lətif Sevil ilə barışaraq birlikdə yaşamaqda davam etmək istədiyini bildirib. Sevilin buna etiraz etməsindən əsəbiləşdikdə aralarında həmin səbəbdən şəxsi münasibətlər zəminində yaranmış narazılıq üstündə mübahisə düşüb.

Həmin mübahisə əsnasında Lətif Sevilin üzərinə hücum edərək qəsdən onun hər iki əl, qol nahiyələrindən tutaraq sıxıb. Ardınca əl, yumruq zərbələri ilə onun sifət, baş və bədəninin müxtəlif nahiyyələrinə ardıcıl zərbələr vurub.

Hadisəni törədən Lətifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Lətif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, təxminən 1 il olar Sevil ilə qeyri-rəsmi münasibətdə yaşayır: “Bizim bu münasibətimizdən övladımız yoxdur. Eyni zamanda mən Sevildən əvvəl də ailəli olmamışam. Demək olar ki, bu hadisəyə qədər Sevil ilə mənim aramda hər hansı bir mübahisə olmayıb. Hazırda da mehribanıq, münasibətlərimiz normal davam edir”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü saat 22 raddələrində Sevilə zəng edərək, onun yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evinə gələcəyini deyib: “Sevil isə telefonda cavab olaraq evinə gəlməməyimi bildirdi. Mən isə telefonu söndürdüm, onun yaşadığı ünvana doğru taksi ilə hərəkət etməyə başladım. Saat 23 radələrində Sevilin yaşadığı Masazır qəsəbəsində yerləşən evinə gəldim. Qapını döydüm, Sevil qapını açdı. Mən evə daxil oldum. Evin mətbəx hissəsində Sevil mənə yenidən nə üçün gəldiyimi deyərkən aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbiləşərək sağ əlim ilə onun qulaq nahiyyəsindən vurdum. Əllərim ilə Sevilin hər iki biləyindən tutaraq sıxdım. Bundan sonra mübahisələrimiz başa çatdı. Mübahisələrimiz təxminən 5-10 dəqiqə davam etdi. Həmin vaxt evdə başqa kənar şəxsin olmayıb, mübahisədən sonra Sevilin yaşadığı evi tərk edərək getdim”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Sevilin sözlərinə görə, 2003-cü ildə Pənah lə ailə həyatı qurub, 2017-ci ildən onunla münasibətləri pozulduğu üçün ayrı yaşayır: “Lakin nikahımız pozulmayıb. Bu nigahdan üç azyaşlı övladımız var. Təqsirləndirilən Lətif mənim  qeyri-rəsmi münasibətdə yaşadığım şəxsdir. Aramızda heç bir ədavət və düşmənçilik münasibətləri yoxdur. 2022-ci ildə Lətiflə tanış olmuşam, onunla qeyri-rəsmi ər-arvad münasibətində yaşamağa başlamışam. Sonuncu dəfə hadisə baş verən günü, saat 23 radələrində Lətif mənim  yaşadığım ünvana gəldi. Bu zaman ayrılmaq istədiyi üçün Lətif mənimlə əsassız olaraq münaqişə etməyə başladı və münaqişə zamanı Lətif qollarımdan tutaraq sıxmağa başladı. Həmçinin mənim sifət və baş nahiyəmə bir neçə dəfə əli ilə zərbələr endirdi. Münaqişə zamanı mən Lətifi vurmamışam.  Hadisə vaxtı həmin yerdə ikimızdən başqa heç kim olmayıb”.

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Lətifin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub.