Abşeron rayonunda 1983-cü il təvəllüdlü Əsmər ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı qardaşı arvadı Səbinəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ikin aprelin 25-də baş verib. Əsmər həmin gün saat 08 radələrində yaşadığı evdə qardaşı Mənsurun arvadı Səbinə ilə birgə yaşayış qaydalarına riayət edilməməsi ilə bağlı aralarında yaranmış fikir ayrılığı, narazılıq səbəbindən sonuncunun ona şifahi iradlar bildirməsindən əsəbiləşib, onunla mübahisə edib.
Həmin mübahisə əsnasında Əsmər Səbinənin üzərinə hücum edib. Qəsdən əl, dırnaqları ilə onun sifət, boğaz nahiyələrini cırmaqlayıb, boğazından tutaraq sıxmaqla ona xəsarətlər yetirib.
Hadisəni törədən Əsmərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əsmər ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Masazır qəsəbəsində yerləşən evlərində atası, qardaşı, qardaşı arvadı Səbinə ilə birlikdə yaşayırlar: “Səbinə ilə aramızda yaşadığımız mənzildə məişət işləri mövzusunda sözlə mübahisələrimiz oldu. Lakin həmin mübahisə dava-dalaşa çevrilmədi. Növbəti gün atam və qardaşım işə getdi. Mən də işə getməyə tələsərək evdə hazırlaşmağa başladım. Həmişə Səbinə hamıdan sonra yuxudan oyandığı halda, həmin günü o işə getmədi. Yuxudan oyandı və həmin vaxt onun nəsə planlaşdırdığını anladım. Saat 08 radələrində Səbinə ə evdə öz-özünə danışaraq mənim və ailə üzvlərimin ünvanına xoşagəlməz sözlər dedi. Hərdən də mənə söz ataraq əsəbiləşdirməyə çalışdı. Bundan əlavə Səbinə ə evdə istəyirdi ki, onu dediyi kimi hamı hərəkət etsin, guya evdə əsas odur. Mən dəfələrlə Səbinəyə sakit olmasını desəm də, Səbinə mənə məhəl qoymadı. Mənim otağımın qarşısına gələrək ünvanıma təhqiramiz ifadələr işlətdi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, artıq əsəbilərini saxlaya bilməyib və Səbinənin üzərinə gedərək əlləri ilə saçından tutub, sonra isə onun sifət və boğaz nahiyələrini cırmaqlayaraq xəsarət yetirib: “Daha sonra isə əlim ilə Səbinənin sinəsindən itələdim, evdən çıxaraq işə getdim. İşdən evə gəldikdən sonra bildim ki, Səbinə barəmdə polisə şikayət edib. Mənim Səbinə ilə münaqişələrimiz yaşadığı mənzilin içində baş verib. Həmin vaxt yanımızda başqa heç kimin olmayıb. Münaqişəmiz təxminən 10-15 dəqiqə davam etdi. Əslində Səbinə də mənə xəsarət yetirib. Sadəcə olaraq özüm şikayət etməmişəm. Səbinə ilə barışmağa nə qədər cəhd etsəm də, o mənimlə barışmayıb”.
İş üzrə zərərçəkmiş Səbinənin sözlərinə görə, hadisədən bir neçə vaxt əvvəl ailə məişət mövzusunda Əsmərlə onun arasında sözlə mübahisələri olub: “Mübahisələrimizin əksəriyyəri mənzildə Əsmərin göstərişlərini mənim mütləq icra etməyim anlayışından yaranıb. Hadisə günü, saat 08 radələrində yuxudan oyandım. Həmin vaxt Əsmər mənzildə olub. Mən Əsmərə hansı səbəbdən mənimlə mübahisələr etməsini və kimə güvənməsini soruşdum. Bu zəmində aramızda mübahisə başladı. Mübahisə zamanı Əsmər üzərimə gələrək əli, dırnaqları ilə sifətimi cırmaqladı, boğazımdan tutaraq sıxmaqla sifətimə, qollarımın müxtəlif yerlərinə dəfələrlə şillə zərbələri vurdu. Daha sonra işə tələsməsi səbəbindən evdən getdi”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əsmər aylıq qazancından 10 faiz dövlət nəfinə tutulmaqla 10 ay müddətinə islah işləri cəzasına məhkum edilib.