Masallıdan dünyaya – 17 yaşından Koreyaya köçüb – KARYERA VƏ BİZNES QURAN AZƏRBAYCANLI

Masallıdan dünyaya – 17 yaşından Koreyaya köçüb – KARYERA VƏ BİZNES QURAN AZƏRBAYCANLI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycandan kənarda biznes yaratmaq, karyera qurmaq heç də asan iş deyil. Tamamilə fərqli iqlimi, mühiti, insanları, həyat tərzi ilə seçilən Koreyada yaşamaq və 17 yaşından bu ölkənin bir parçasına çevrilmək çətin olduğu qədər böyük əzm, cəsarət, ən əsası enerji tələb edir.

FED.az-a müsahibə verən Nihat Xəlilzadə artıq 13 ildir ki, Azərbaycanı Koreyada tanıdanlardan, ölkəmiz adına müəyyən işlər görənlərdəndir.

Onu daha yaxından tanıyaq:

1992-ci ildə Masallı rayon Təzə Alvadı kəndində anadan olan Nihat Xəlilzadə 2008-ci ildə Qafqaz Universitetində Riyaziyyat və İnformatika ixtisası üzrə ingilis dilində pulsuz təhsil almağa başlasa da, 2011-ci ildə Koreya dövlət təqaüdü qazanaraq buradakı təhsilini yarımçıq qoyur, Koreya Respublikasına yollanır.

Nihat bunu necə bacardı?

Azərbaycanda təhsil aldığı dövrdə o Koreyanın NIID qurumunun dəstəyini ala bildi. Beləcə, Koreyada təqaüd qazanaraq, Beynəlxalq Təhsilin İnkişafı Mərkəzinin dəstəyi ilə Koreyaya üz tutdu.

Nihat üçün uğurun əsas düsturu hədəf və əzmdən ibarətdir: «Uğur qazanmaq istəyirsinizsə, mütləq məqsədiniz olmalıdır və bu yolda gedərkən məqsədinizi heç zaman unutmayın».

Təqaüddən sonra Nihatın növbəti uğuru Koreya dilini öyrənməsi olub: «Təqaüd aldıqdan sonra bir il Koreya dilini öyrəndim. Bunu necə bacardım, sualına cavabım hər zaman formal olub. Mən Nihatam, məqsədimə çatmaq üçün əlimdən gələn hər bir şeyi edə bilərəm. Həmin vaxt sənəd verdiyim ölkələrin hamısında sənədlərim qəbul olunsa da, sonda Koreyanı seçdim. Koreyada azərbaycanlıların sayının çox olmaması motivasiyamı artırdı. Düşündüm ki, burada Azərbaycan adına çox işlər görə bilərəm».

2011-2012-ci illərdə Tequ şəhəri Keimyunq Universitetində təhsil alarkən Koreya dilini öyrənən Nihat Xəlilzadə daha sonra Seulda Koreyanın informasiya texnologiyaları üzrə ən məşhur universitetlərindən biri olan Hanyanq Universitetində Kompüter Elmləri ixtisası üzrə Koreya dilində təhsil almağa başlayır.

«Burada tamamilə ac qaldığım günlər olub»

Nihatın xaricdə təhsil almaq üçün məhz Koreyanı seçməsinin  bir səbəbi də vardı: tələbələrə təhsil haqqından əlavə, yaşayış üçün aylıq 800 dollar təqaüd verilməsi. Belə halda gənc tələbə ehtiyaclarını ödəmək üçün ailəsindən asılı qalmayacağını, onların maddi köməyinə ehtiyacı olmayacağını düşünərək Koreyada təhsil almağı qərarlaşdırıb. Lakin əcnəbi tələbə kimi onun çətin günləri də çox olub: «Bütün bunlara baxmayaraq etiraf etməliyəm ki, Koreyaya gələndə tamamilə ac qaldığım günlər olub, hansı ki, həmin günlərdə, beynimdən, kaş gəlməzdim, deyə fikirlər də keçib».

Həmyerlimiz üçün uğurun formulu nədən ibarətdir?

13 ildir ki, Koreyada yaşayan Nihat artıq oranın vətəndaşıdır. O deyir ki, Koreya vətəndaşı olduqdan sonra bu ölkədə bir əcnəbi kimi deyil, koreyalı kimi riskləri artıb: «Atdığım addımlarla bağlı risklərin nəticəsini gördükdən sonra bu barədə ətraflı məlumat verəcəm».

Çətin sınaqlar Nihatı daha da əzmli edib və o artıq Koreyaya gələrək burada özünə bir həyat qurmaqda peşman deyil: «Seul İcra Hakimiyyəti Xaricilərin Konsulluğunun Vitse-prezidentiyəm, Qanqnam Bələdiyyəsi Qlobal Mərkəzin direktoru kimi çalışmışam. Hansı ki, Qanqnam və Seulda əcnəbilərlə bağlı müxtəlif problemləri biz həll etmişik».

Nihat Koreyaya üz tutmaq istəyənlərə tövsiyə edir ki, bu ölkəyə təqaüd alaraq gəlsinlər. Çünki Koreya çox bahalıqdır, təqaüdsüz çətin olacaq.

Koreyada həm dövlət işi, həm də biznesi olan azərbaycanlı

Koreyada işə düzəlmək başqa ölkələrlə müqayisədə daha çətindir, xüsusən də dövlət işinə qəbul olmaq: «Adi seçilmiş dövlət işçisi yox, xüsusi seçilmiş dövlət işçisiyəm. Bu da təbii ki, illərdir çəkdiyim əziyyətin, əməyin nəticəsidir. Bu yolda çətinliklərim az olmadı».

Koreyaya köçsə də hər bir azərbaycanlı kimi, Nihat da bizneslə də maraqlanır v bu ölkədə biznesini yarada bilib. Hazırda o Koreyadan ixracla məşğul olan şirkəti idarə edir. «Biznes qurmaq çətin idimi?» sualına Nihat Xəlilzadə deyir ki, hələ Bakıda ikən, tələbə vaxtlarından bizneslə məşğul idi: «Koreyaya gəlməzdən öncə, Azərbaycanda təhsil aldığım illərdə də bizneslə məşğul idim. Bu biznesi idarə etmək üçün isə Koreyanın dövlət dəstəyini alıram. Belə deyim, hazırda Koreyada əlimiz çatmayan bir biznes yoxdur. Bu gün dünyanın müxtəlif ölkələrindən bizə hansısa məhsulu ixrac etmək üçün təkliflər gəlir».

Əsas hədəflərindən biri Azərbaycanı tanıtmaqdır

Koreya dilini öyrənmək ona çətin olmayıb, iş mühitində Koreya dili ilə yanaşı ingilis dilindən də çox istifadə edir. 13 ildir ki, qərib ölkədə yaşasa da, Azərbaycan dilini unutmur: “Öz doğma dilimi yadırğamamaq üçün məktəb və universitetlərdə Azərbaycanla bağlı müxtəlif dərslər tədris edirəm, sərgi və təlimlərdə Azərbaycanla bağlı məlumatlar verirəm. Hazırda Azərbaycanla bağlı dərsləri  Qanqnam Bələdiyyəsi və Seul Milli Universitetinin dəstəyi ilə Qanqnam ərazisində olan təhsil idarələrində keçirəm. Bu dərslərdə əsasən ölkəmizin mədəniyyəti, dili, tarixi və ənənələrindən bəhs edirəm».

Nihat Koreyada bizneslə əlaqəli fənləri də tədris edir: «Hazırda Qlobal Startap və İmmiqrasiya Mərkəzində Koreyada xarici startapların lokallaşması və uğur qazanması üçün xüsusi dərslər keçirəm. Bundan əlavə Ədliyyə Nazirliyi nəzdində məsləhətçi olaraq Koreyada çətinliklərə qalibgəlmə və qlobal arenada Koreya brendindən yararlanmaq haqqında dərslər tədris edirəm».

Koreyada xaricilərə tələbat daha da artaracaq

50 milyon əhalisi olan ölkədə əcnəbilərin sayı təxminən 3 milyondur. Həmyerlimiz deyir ki, qarşıdakı illərdə xaricilərə tələbat daha da artaracaq, səbəbi demoqrafiyadır: «Burada cütlüklər ailə qurmağı, övlad planlaşdırmağı düşünmürlər. Ona görə də proqnoz etmək olar ki, qarşıdakı illərdə əhalinin sayı azalacaq, əcnəbilərə tələbat yaranacaq».

Kimə nə qədər qazanır? – sualı yaxşı sayılmır

Azərbaycandan fərqli olaraq Koreyada maaşla bağlı sual vermək etik hesab edilmir. «Kişidən maaşını soruşmazlar», deyən Nihat Xəlilzadənin sözlərinə görə, ümumiyyətlə, Koreyada əmək haqqı ilə bağlı sual arzuolunmaz sayılır: «Koreyada illik olaraq orta maaş 35 min dollardır, saata görə ən aşağı əmək haqqı isə 8 dollardır. Yəni, əmək haqqı Azərbayanla müqayisədə çox yüksəkdir və tələbatları qarşılmağa imkan verir».

Qazancdan söz düşmüşkən, həmyerlimiz deyir ki, ilk qazancı dondurmadan olub: “Məşhur Maraş dondurması satırdım, saatına 6 dollar qazanırdım. Yadımdadır, ilk dəfə 3 saata 18 dollar qazanmışdım».

Bakı adını, milli xalçalarımızı yaddaşlara həkk etdirən qəhrəmanımız

Nihat Koreya vətəndaşı sayılsa da, Azərbaycandan nəinki uzaqlaşmayıb, hətta hər imkanda vətənə faydalı olmağa, onu tanıtmağa çalışır. Hələ tələbə olarkən Koreyada «Baku» adlanan restoran açıb. Onun biznes fəaliyyəti bu restoranla yekunlaşmadı və sonrakı illərdə Nihat ölkələratası münasibətdə xüsusi rol oynamağa başladı, beləcə Azərbaycan-Koreya əlaqələrini özündə ehtiva edən şirkət açdı: «Bir zamanlar hətta Azərbaycana idxal-ixracla da məşğul olmuşam. Elə indi də, gördüyüm işlərin təxminən 10-15 faizi Azərbaycanla bağlıdır. Çalışırıq ki, Azərbaycan mədəniyyətini, nümunələrini burada təbliğ edək. Konkret görülən işlərə gəldikdə isə, qeyd edim ki, Koreyada Azərbaycan xalçalarının tanıtımı və satışı ilə məşğuluq. Azərbaycandan bura şərablaırn gətirilməsinə nail olmuşuq. Bundan əlavə Azərbaycanda müxtəlif zavodların öz məhsullarını Koreya bazarına çıxarmaları üçün kömək edirik. Ümumiyyətlə, Koreyada Azərbaycan adına işlər görməkdən xüsusi zövq alıram. Çünki Koreyada bizim haqqımızda elə bir məlumat yoxdur. Yəni, biz özümüzü necə tanıtsaq, onlar bizi o cür qəbul edəcəklər».

Koreya ilə Azərbaycan oxşayırmi? -İki ölkə arasındakı fərq

Koreya və Azərbaycanarası fərqlərdən danışan Nihat Xəlizadə deyir ki, Koreyanın yerli əhalisi durmadan azalır, qocalma gedir, Azərbaycanda isə gənc əhalinin sayı artır: “Bundan başqa, coğrafi məkanımız da çox əlverişlidir və bu imkan verir ki, Azərbaycan gələcəkdə ixracatçı ölkəyə çevrilsin. Ümumiyyətlə, Azərbaycanın gələcəyini Koreyadan daha parlaq görürəm».

Həyat tərzində də – Nihat Xəlilzadə deyir ki, iki ölkə arasında yer-göy qədər fərq var: «Məsələn, mətbəxdən söz açaq. Azərbaycan mətbəxi çox zəngindir. Koreya mətbəxində xörək hazırlananda sağlamlıq əsas tutulduğu halda, Azərbaycan mətbəxində xörəklər dadlı olsun deyə bişirilir. Yəni, milli mətbəximiz Koreya mətbəxi ilə müqayisədə qat-qat dadlı olsa da, sağlamlıq mövzusunda onunla müqayisə oluna bilmir».

İki ölkə vətəndaşları pulu qazanıb-xərcləməkdə də fəirqlənirlər: «Azərbaycanlılar yaxşı yaşamağı, pul xərcləməyi sevəndirlər, Koreyada isə belə deyil, insanlar hər zaman ancaq qazanmağı düşünürlər. Yəni, onlar üçün elə bir yaş dövrü yoxdur ki, həmin yaşdan sonra rahat həyatlarını yaşasınlar».

Biznesdə hər şeyi sənədlər həll edir

Biznes mühitində müqayisəyə gəldikdə, Azərbayanda çox şeyi sözlə həll edirlərsə, Koreyada sənədlər danışır, amma oxşar cəhətlər də var: «Azərbaycanda biznes məsələləri çay süfrəsində, Koreyada isə içki məclisində müzakirə olunur»”.

Lisenziyasız heç nə edə bilməzsən

İş və işçilərə münasibətə gəldikdə isə, Nihat Xəlilzadə deyir ki, Koreyada hər hansı sahədə çalışmaq üçün o sahədə təcrübən olmalıdır: «Adi maşın ustası belə, o sahədə ixtisaslaşmış şəxsdir. Yəni, bu sahədə hər adam şəxsi biznes aça bilməz. Təhsil və təcrübən yoxdursa, Koreyada o sahə üzrə çalışmaq çox çətindir. Kafe açmaq istəyirsizsə, mütləq kofe hazırlamaq üçün məktəb bitirməlisiz və buna görə lisenziya almalısınız. Lakin bu vəziyyətin yaratdığı mənfi tərəflər çoxdur ki, bu da qiymət artımına səbəb olur. Çünki belə olan halda bazarda rəqabət mühiti zəif olur».

Koreyada bələdiyyə icra hakimiyyətindən daha güclüdür

Nihat icra hakimiyyətində əcnəbilərlə işlərə məsuldur: «Yəni, əcnəbilər üçün dərslərin, təlimlərin təşkilinə baxırıq. Əcnəbilər üçün biznes məktəblərinin açılması üzrə məsul şəxsəm».

O deyir ki, Qanqam bələdiyyəsi icra hakimiyyətinin nəzdində olsa belə, gücü icra hakimiyyətindən daha çoxdur: «Bələdiyyə Seul icra hakimiyyəti qarşısında rahatlıqla sözünü deyə bilir. Burada vergilər üzrə məsul şəxs 6 aydan bir dəyişilir. Bunun da səbəbi odur ki, 6 aydan çox olarsa, şəxs rüşvətə meyilli ola bilər. İcra hakimiyyəti və vergi xidmətində rüşvətdən söhbət gedə bilməz».

Azərbaycan üçün çox darıxan Nihat vətənə geri dönmək istəyini də gizlətməyib: «Azərbaycana qayıtmaqla bağlı çox suallar verirlər. Amma qeyd edim ki, buradakı məqsədlərimə hələ ki, tam olaraq çatmamışam. Bu gün Koreyadakı bütün məəqsədlərimə çataramsa, sabah Azərbaycana qayıtmış olacam».

O deyir ki, bundan sonra yaşayacaq nəsil övladlarının nəsli olduğundan Azərbaycana qayıdıb təhsillə bağlı işlər görmək, bunu təşviq etmək istəyər: «Qonşu nə qədər savadlı olarsa, yaxşı olarsa, övladlarım da bir o qədər savadlı və yaxşı olar».

 

Koreyada yaşayan 200 azərbaycanlıdan biri

Bəli, uğura gedən yol təhsildən başlayır. Koreyada təhsil aldığı müddətdə 2 milyon 500 min əcnəbidən fərqlənərək bu yad ölkədə dövlət vəzifəsinədək yüksələn, müxtəlif dövlət vəzifələrində çalışan, dövlət qulluqçusu adını, illər sonra Koreya vətəndaşlığını alan Nihat Xəlilzadə də üçün təhsil ən böyük hədəf olub. Məhz bu səbəbdən təhsilini başa vurduqda bir işçi olaraq Koreyada ona tələbat vardı. Onun ən böyük uğurlarından biri də o idi ki, məzun olduğu ildə Seul Şəhər Planlaşdırılması İdarəsinin 120 nəfərdən ibarət heyətində çalışırdı. Həmin heyətdə tək əcnəbi olan həmyerlimiz bu gün Koreyada yaşayan təxminən 200 azərbaycanlıdan biridir.

Nihat çalışır ki, övladları öz kimliklərini, türk olmalarını heç zaman unutmasınlar və bununla fəxr etsinlər. Övladlarına Narın və Telman adını verən Nihat Xəlilzadə üçüncü dəfə ata olmağa hazırlaşır və yeni doğulacaq körpəsinə Atilla adını verməyi düşünür. Övladları Koreya və ingilis dilini çox yaxşı bilirlər, Koreya məktəbində təhsil alırlar: «İstəyimiz odur ki, övladlarımız Azərbayan və Koreyaya aid ən müsbət keyfiyyətləri qavrasınlar».