Masallı rayonunda tanınmış pedaqoq, Qızılavar kənd tam orta məktəbinin sabiq direktoru Musa Lütfəli oğlu Məmmədovun anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tribunainfo.az xəbər verir ki, tədbir müəllimlər gününə təsadüf edən 5 oktyabr tarixində baş tutub.
Yubiley tədbirindən əvvəl iştirakçılar Musa müəllimin məzarını ziyarət edərək, onun ruhuna dualar oxuyublar. Daha sonra “Elit” istirahət mərkəzində davam edən mərasimdə şəhidlərin və dünyasını dəyişmiş müəllimlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər: Əfqan Mirzəyev adına Qızılavar kənd tam orta məktəbin direktoru Lətifə Qənbərzadə, qocaman pedaqoq Hacı Həmdullah Məmmədov, ETİ Həmkarlar İttifaqının Masallı rayon komitəsinin sədri Rasim Nurullayev, Musa müəllimin övladları, nəvələri – ADPU-nun dosenti b.ü.f.d Şəbnəm Əsədova, TƏBİB-in daxili kommunikasiya şöbəsinin müdiri Könül Əhmədova, şair-müəllim Xanəli Tolış, Dövlət İşçiləri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Masallı rayon sədri Camal Hüseynov, Masallı şəhər 7 saylı tam orta məktəbin direktoru Samit İslamov, Vəkillər Kollegiyasının üzvü Əlimərdan Sadıxov, şair-müəllim Camal Lələzoə, veteran müəllim Adil Ağayev, əməkdar müəllim Azadxan Paşayev, veteran tarix müəllimi Səxavət Qurbanov və digər iştirakçılar Musa müəllim haqqında xatirələrini bölüşərək, onun pedaqoji fəaliyyətindən və şəxsiyyətindən bəhs ediblər.
Çıxışlarda vurğulanıb ki, Musa Məmmədov ömrünü bütövlüklə təhsilə, şagirdlərin formalaşmasına və kəndin maariflənməsinə həsr etmiş bir ziyalı olub. Onun rəhbərliyi ilə Qızılavar məktəbi uzun illər bölgənin ən nümunəvi təhsil ocaqlarından biri kimi tanınıb.
Tədbirin sonunda Musa müəllimin ailəsi adından çıxış edən İlham Məmmədov və Mehparə müəllim yubiley tədbirinə qatılan hər kəsə təşəkkür edərək, Musa müəllimə göstərilən hörmət və ehtiramın ailə üçün böyük qürur mənbəyidir.
Musa Məmmədovun həyat yolu
5 oktyabr Musa Məmmədovun anadan olmasının 90 illik yubileyinə həsr olunur.
İllər bir göz qırpımında keçir. Zaman səssiz-səmirsiz addımlayır, amma onun qoyduğu izlər insanın ömründə, xalqın yaddaşında silinməz nişanələr kimi qalır. Bu gün 90 illik yubileyi qeyd olunan Musa müəllimi, sadəcə bir insanı deyil, bütöv bir ömrü – məktəbə, şagirdə, elmə, kəndə və doğma torpağa həsr olunmuş fədakar bir həyat yolu görünür. Musa müəllimin adı çəkiləndə ilk növbədə müəllimlik məhəbbəti göz önünə gəlir. O, ömrünün ən saf illərini məktəb partaları arxasında böyüyən gənclərə həsr etmiş, onların yoluna işıq tutmuş, hər birinin taleyinə bilik çırağı yandırmışdır. Onun səsi illərlə dərs otaqlarında səslənmiş, qələminin izi minlərlə dəftərdə qalmışdır.
Onun 90 illik yubileyi yalnız bir insanın ömür salnaməsi deyil, həm də bütöv bir nəslin tarixidir. Çünki Musa müəllimin yetişdirdiyi şagirdlər sonradan müəllim, həkim, mühəndis, alim, şair, dövlət xadimi oldular. Onların hər birində Musa müəllimin zəhmətinin, təmkininin, təmizliyinin payı var.
Musa müəllim həm də kəndin ağsaqqalı idi. O, sözündə hikmət, hərəkətində ədəb, davranışında sadəlik daşıyırdı. Gənclərə həmişə nəsihət edərdi: “Elm insanı ucaldar, zəhmət insanı kamilləşdirər”. Onun bu sözləri indi də bir vəsiyyət kimi səslənir.
Musa müəllimin 90 yaşı tamam olur. Zamanın keçməsinə baxmayaraq, onun adı hələ də ehtiramla yad olunur. Çünki o, ömrünü boş keçirmədi, bir xalqın gələcəyinə sərf etdi. Şagirdlərinin uğurları, kəndin maariflənməsi, məktəbin şöhrəti – bunların hamısı Musa müəllimin ruhani zəfəridir.
Onun ömrü bir məktəb idi. Həyatı isə dərs. Hər dərsi vicdan, hər imtahanı zaman… Və bu imtahandan Musa müəllim üzüağ çıxmışdır.
Bu yubiley onu sübut edir ki, Musa müəllim kimi insanlar ölmür. Onlar yaddaşlarda, şagirdlərin taleyində, kəndin yollarında, məktəbin divarlarında, kitabların sətrlərində yaşayır.
Musa müəllim – 90. Bu sadəcə bir yaş deyil, bu, fədakarlığın, zəhmətin, Vətənə sədaqətin, müəllim adına sədaqətin zirvəsidir.
Musa Lütfəli oğlu Məmmədov 5 oktyabr 1935-ci ildə Masallı rayonunun Qızılavar kəndində anadan olmuşdur. 1943-cü ildə Qızılavar kənd yeddillik məktəbinin birinci sinfinə daxil olmuş, 1950-ci ildə buranı bitirdikdən sonra təhsilini Boradigah kənd orta məktəbində davam etdirmişdir. Boradigah kənd orta məktəbini 1953-cü ildə bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1957-ci ildə ali təhsilini başa vuran Musa müəllim, Bədəlan kənd orta məktəbinə fizika müəllimi göndərilir. Üç il Bədəlan orta məktəbində müəllim işlədikdən sonra 1960-cı ildə Qızılavar səkkizillik məktəbinə direktor müavini, 1972-ci ildə isə Qızılavar orta məktəbinin direktoru təyin olunur və 1997-ci ilə kimi bu vəzifədə çalışır. 1997-2005-ci illərdə isə Qızılavar tam orta məktəbinin psixoloqu olmuşdur.
23 dekabr 2011-ci ildə dünyasını dəyişən Musa müəllimin əziz xatirəsi müəllimlərin, şagirdlərin yaddaşında yaşayır və yaşayacaqdır.
Allah Sizə rəhmət eləsin Musa müəllim!